Azərbaycan "Qlobal Metan Vədi" çərçivəsində konkret öhdəliklər götürdü - dünya alqışlayır...
Vüqar Bayramov: “Belə bir addımın xüsusən də COP29-a ev sahibliyi edən dövlət tərəfindən atılması mühüm göstəricidir”
Azərbaycan martın 4-də qlobal metan emissiyalarının azaldılması üzrə dövlətlərin könüllü olaraq öz üzərinə götürdüyü öhdəlikləri nəzərdə tutan “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulduğunu elan edib. Buna uyğun olaraq, Azərbaycanın 2030-cu ilə qədər qlobal metan emissiyalarının ən azı 30 faiz həcmində azaldılmasını hədəfləyən birgə beynəlxalq səylərə qoşulmağa hazır olduğu bildirilir.
“Qlobal Metan Vədi”nin məqsədi 2030-cu ilə qədər metan emissiyalarını 2020-ci illə müqayisədə ümumilikdə 30 faiz məhdudlaşdırmaqdır. 2023-cü ildə yenilənmiş sənəddə isə yeni öhdəlik kimi 2050-ci ilə qədər istixana effekti yaradan qaz emissiyalarının 40 faiz həcmində azaldılması hədəf götürülüb.
Bu arada ABŞ-nin ölkəmizdəki səfiri Mark Libbi "X" sosial şəbəkə paylaşımında qeyd edib ki, Azərbaycanın "Qlobal Metan Vədi"nə qoşulmasını alqışlayır: “Mən Azərbaycanın qlobal istiləşmənin tempini azaltmaq və temperatur artımının 1,5 dərəcə səviyyəsində saxlamaq üçün Qlobal Metan Öhdəliyini imzalamasını alqışlayıram. Azərbaycanın GMP-ə (red."QLobal Metan Vədi") qoşulması metan emissiyalarının kəskin şəkildə azaldılması üzrə qlobal səylərə mühüm təkan verir və iqlim böhranına qarşı mübarizədə ABŞ və digər tərəfdaşlarla əməkdaşlıq üçün yeni platforma yaradır”.
Bütün bu deyilənlərin fonunda, Azərbaycanın “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulmasının nə kimi əhəmiyyəti var?
“Bu bir daha təsdiq edir ki, məhz Azərbaycan regional təşəbbüslərin, eləcə də daha sağlam və daha təmiz...”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Vüqar Bayramov buna bir neçə prizmadan yanaşdı: “Azərbaycan ətraf mühitin qorunması ilə bağlı qlobal təşəbbüslərə xüsusi dəstək verən ölkələrdəndir. Burda, xüsusən də emissiyanın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsi və Qlobal Metan emissiyasının minimumlaşdırılmasına dəstək həm də ondan xəbər verir ki, Azərbaycan üçün yaşıl zona, yaşıl iqtisadiyyatın formalaşması regionda ekoloji tarazılığın qorunub saxlanılması baxımından əhəmiyyətlidir. O baxımdan son addım bir daha təsdiq edir ki, Azərbaycan bu sahədəki beynəlxalq təşəbbüslərə qoşulmaqla həm də öz öhdəlikləri ilə ekologiyanın təmizlənməsinə və ətraf mühitin qorunmasına töhfə verməkdə davam edir. Bu konteksdən, təbii ki, belə bir addımın xüsusən də COP29-a ev sahibliyi edən dövlət tərəfindən atılması mühüm göstəricidir. Bu bir daha təsdiq edir ki, Azərbaycan regional təşəbbüslərin, eləcə də daha sağlam və daha təmiz dünyanın formalaşmasına xüsusi töhfə verən ölkələr siyahısındadır”.
Vidadi ORDAHALLI