Makron Azərbaycandakı fransız şirkətlərini ilginc duruma saldı...
Firdovsi Şahbazov: “Onun axmaq siyasəti üzündən Fransa Azərbaycanda bir sıra layihələrdən kənarda qaldı”
“Burada işləyən fransız şirkətləri günahkar deyillər ki, onların belə bir hakimiyyəti var”. Bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
Ölkə başçısının sözlərinə görə, Azərbaycan öz öhdəliklərinə hörmətlə yanaşır: “Azərbaycanda uzunmüddətli kontraktları olan bəzi şirkətlər istisna olmaqla, onların iştirakı praktik olaraq sıfra endirilib. Biz həmişə öz öhdəliklərimizə hörmətlə yanaşırıq, ona görə də siyasi problemləri şirkətlərin fəaliyyətinə heç vaxt aid etməmişik. Burada işləyən fransız şirkətləri günahkar deyillər ki, onların belə bir hakimiyyəti var”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov hesab edir ki, Makronun sərsəm siyasəti üzündən Fransa şirkətləri Azərbaycanda bir sıra layihələrdən kənarda qaldılar: “Bəli, əvvəlki kontraktların ləğvindən söhbət gedə bilməz. Ona görə ki, Azərbaycan hər zaman beynəlxalq öhdəliklərə sadiq olub. Fransanın “Total” və digər şirkətləri ilə əvvəl imzaladığı kontraktlar, layihələr dayandırılmayıb. Onların günahı deyil ki, prezident Makron ermənidən çox erməni mövqeyindən çıxış edir. Ancaq məsələ ondadır ki, Makron hökumətinin axmaq siyasəti üzündən Fransa şirkətləri Qarabağın bərpa-quruculuq prosesində, Orta Dəhlizlə bağlı nəqliyyat, “yaşıl enerji” və digər layihələrdə yer ala bilmədilər. Halbuki, Fransa şirkətləri həm podratçı olaraq bir sıra layihələri həyata keçirib milyonlar qazana bilərdilər, həm də sərmayə qoyuluşlarında iştirak edə bilərdilər. Bütün bunlar Fransa üçün həm iqtisadi, həm də siyasi dividentlər vəd edirdi. Çünki Azərbaycan Cənubi Qafqazda lider dövlətdir. Ölkəmizin strateji mövqeyi, nəqliyyat yollarının kəsişməsində yerləşməsi, zəngin resursları bu baxımdan Fransa sərmayədarları üçün yeni-yeni imkanlar demək idi. Makron bu iqtisadi fürsətlər pəncərəsini fransız sahibkarların üzünə bağladı və nəticədə Azərbaycan yox, Fransa itirdi. Çünki fransız şirkətlərin yerini, digər xarici ölkə şirkətləri tutdular. Halbuki, 1994-cü ildən başlayaraq 2020-ci ilə qədər Fransa ilə çoxşaxəli əlaqələr qurulmuşdu. Fransa Avropa İttifaqının yeganə aparıcı dövlətidir ki, bu ölkənin dövlət başçıları Azərbaycana rəsmi səfər ediblər. 2011-ci ildə prezident Nikola Sarkozi, 2014-cü ildə prezident Fransua Olland Azərbaycana rəsmi səfər ediblər. Baxmayaraq ki, bu ölkədə güclü erməni lobbisi olub, Makrona qədər Fransa dövləti Azərbaycanla əlaqələrə xüsusi önəm verib. Makron illərlə qurulan bu münasibətləri, əlaqələri məhv etdi. Niyə? Çünki siyasətçi deyil. Ermənilərə satılmış bir fiqurdur. Bunun nəticəsidir ki, Afrikadan tutmuş Sakit okeana qədər hər yerdən Fransanı qovurlar”.
Vidadi ORDAHALLI