Əbu-Dabidə Prezident İlham Əliyevin BƏƏ Prezidenti ilə görüşü olub - FOTO
Yanvarın 13-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti 2024-cü ildə Azərbaycana rəsmi və COP29 ilə bağlı səfərlərini, bu səfərlər çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşləri və aparılmış müzakirələri məmnunluqla xatırladı.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin COP29-da iştirakını bir daha yüksək qiymətləndirən dövlətimizin başçısı qeyd etdi ki, bu mühüm beynəlxalq tədbirin uğurla başa çatdırılmasında Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlığı və bu ölkənin konsepsiyası da öz rolunu oynayıb.
Dövlət başçıları münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyərək, Azərbaycan ilə BƏƏ arasında dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğunu vurğuladılar. Hazırda ölkələrimizdə sabitliyin və əmin-amanlığın hökm sürdüyü qeyd olundu.
Siyasi münasibətlərimizin mükəmməl səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi-ticari əlaqələrin genişləndiyini qeyd etdi, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın bərpaolunan enerji sahəsinə qoyduğu investisiyaların da dostluğumuzun və tərəfdaşlığımızın nümunəsi olduğunu vurğuladı. Həmçinin ölkələrimizin ənənəvi enerji sahəsində yaxından əməkdaşlıq etdiyi qeyd olundu.
Söhbət zamanı ikitərəfli, regional, qlobal, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.