ABŞ-dakı yanğınlarla bağlı iddia - Xilasedicilər varlıların iqamətgahlarının yerləşdiyi ərazilərə yönəldilir...
ABŞ-ın Los-Anceles şəhərində baş verən yanğınlar güclü küləyin təsiri ilə yayılır və günlərdir söndürülmür. Yanğınlarda ölənlərin sayı günü-gündən artır. Açıqlanan məlumatlara görə, qurbanların sayı 16-ya yüksəlib. 13 nəfər itkin düşmüş kimi qeydə alınıb, lakin onların yanğınlarla əlaqəsi olub-olmadığı hələ müəyyən edilməyib.
Amerika xalqı yanğınların günlərlə söndürülməməsinə və hakimiyyətin çarəsizliyinə qəzəblənib. Yanğınlarda səhlənkarlıq, yanğın kranlarında suyun olmaması, Los-Anceles bələdiyyə başçısı Karen Bassın Qanaya səfəri və geri qayıtmaması, Bassın yanğınlardan əvvəl yanğınsöndürmə idarəsinin büdcəsini kəsməsi kimi məsələlər müzakirələrə səbəb olub. Jurnalistlərin hava limanında Qanadan qayıdan Bassa "üzr istəməyi düşünürsünüzmü?" sualı isə cavabsız qalıb.
ABŞ-ın yeni prezidenti Donald Tramp isə Los-Ancelesdəki yanğınların hazırkı prezident Bayden və Kaliforniya qubernatoru Nevsomun pis idarəçiliyi nəticəsində baş verdiyini iddia edib. Tramp müdaxilə üçün kifayət qədər su ehtiyatının olmadığını iddia edərək qubernatorun istefasını istəyib.
Amerika mediasında yer alan iddialardan biri də yanğınsöndürmə idarəsinin xilasetmə maşınlarının zənginlərin dəbdəbəli iqamətgahlarının yerləşdiyi ərazilərə yönəldilməsidir. Yanğından zərər çəkən bəzi bölgələrdə xilasetmə işlərinin aparılmadığı iddia edilib. Digər tərəfdən, dəbdəbəli evləri külə dönən varlılar da yanğınsöndürmə işlərinin yetərsizliyindən şikayətlənirlər.
Sakit Okean Palisades bölgəsində başlayan meşə yanğınları milyon dollarlıq malikanələrin yerləşdiyi yaşayış məntəqələrinə sürətlə yayılıb. Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin məlumatına görə, beş əyalətdən üçündə nəzarət bərpa olunur və ya bərpa olunmaq üzrədir.
Kaliforniya qubernatoru Nevsom da çatışmazlıqları dolayısı ilə etiraf edib. O, Los Angelesin ictimai xidmətlərinin niyə uğursuz olduğuna dair "tam müstəqil araşdırma" əmrini verib. Ən böyük müzakirələrdən biri də yanğın kranlarında niyə su axmamasıdır.
Yanğınsöndürənlər iddia edirlər ki, heç bir yanğınsöndürmə briqadası güclü küləklə yayılan yanğınların qarşısını ala bilməz. Los-Anceles Yanğınsöndürmə İdarəsinin rəisi Kristin Krouli deyib ki, maliyyənin kəsilməsi işçi heyəti və resursların çatışmazlığına səbəb olub.
TAHİR