Azərbaycan şirkətləri milyardlarla depozitlərini banklardan çəkir...
Əkrəm Həsənov: “İl sonunda şirkətlər yerli və ya xaricə ödəniş etməli olduğu üçün əmanətləri geri çəkirlər”
2024-cü il noyabr ayının 1-nə Azərbaycanda bankların depozit portfeli (maliyyə institutları istisna olmaqla) 34 milyard 373.9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından (AMB) verilən xəbərə görə, bankların depozit portfeli əvvəlki ayla müqayisədə 4.7% və ya 1 milyard 685 milyon manat azalıb.
Qeyd edək ki, bankların depozit portfelinin kəskin azalması hüquqi şəxslərin banklarda olan depozitlərini geri çəkməsi ilə əlaqədardır. Belə ki, bu dövrdə hüquqi şəxslərin depozitləri əvvəlki ayla müqayisədə 8.1% və ya 1 milyard 805.5 milyon manat azalaraq 20 milyard 404.3 milyon manat, fiziki şəxslərin depozitləri isə 0.9% və ya 120.4 milyon manat artaraq 13 milyard 969.5 milyon manat təşkil edib. Son bir ayda Azərbaycanda şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkib.
Maraqlıdır, şirkətlər niyə bu qədər pulu banklardan geri çəkib?
“Sahibkarlar və şirkətlər daha çox iri banklara üstünlük verirlər”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, adətən ilin sonunda şirkətlər banka yerləşdirdikləri vəsaiti geri çəkir: “Çünki il sonunda şirkətlər yerli və ya xaricə ödəniş etməli olur. Buna görə də əksər şirkətlər il sonunda əmanətləri geri çəkir. Onu da deyim ki, Azərbaycanda insanlarımız banklara etimad etməsələr də, əmanətlərin sığortalanması mövcuddur. Yəni bir nəfərin 100 minə qədər olan əmanəti bankda sığortalanır. Sahibkarlar və şirkətlərə gəldikdə isə, onlar daha çox iri banklara üstünlük verirlər. Çünki qorxurlar ki, kiçik banklar bağlandığı təqdirdə onların ləğv prosesini Əmanətlərin Sığortalanması Fondu həyata keçirir və bu proses kifayət qədər qeyri-şəffaf və qanun pozuntuları ilə baş verir. Belə olan halda da sahibkarların və şirkətlərin pulları banklarda “batır”. Ona görə də şirkətlər çalışır ki, pullarını daha etibarlı yerlərdə yerləşdirsin”.
Günel CƏLİLOVA