İrandan meşə yanğınları ilə bağlı ABŞ-a sürpriz təklif - yardım göndərməyə hazırıq...
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində meşə yanğınları yayılmaqda davam edir. ABŞ rəsmiləri hava şəraitinə görə yanğınsöndürmə işlərinin çətinliklə davam etdiyini bildirir.
Bu arada İran ABŞ-a yardım təklif edib. İran Qızıl Aypara Cəmiyyətinin prezidenti Pirhüseyn Kolivənd Amerika Qızıl Xaç Cəmiyyətinin rəhbəri Kliff Holtsa başsağlığı məktubu göndərib. Mesajında ABŞ-da baş verən genişmiqyaslı yanğınlardan kədərləndiyini bildirən Kolivənd, yanğınların təkcə yerli böhran olmadığını, həm də insan vicdanında dərin yaralar açdığını bildirib.
Yanğınların minlərlə günahsız insanın həyatını təhdid etdiyini və təbiətə böyük ziyan vurduğunu vurğulayan Kolivand, bu səhnələr sadəcə televiziya görüntüləri deyil, hərəkətə keçmək çağırışıdır.
Yanğınların nəzarət altına alınması üçün qlobal həmrəyliyə ehtiyac olduğunu dilə gətirən Kolivand, "Təbii və humanitar fəlakətlərlə mübarizə sahəsində geniş təcrübəmizə əsaslanaraq, fövqəladə hallara müdaxilə qruplarımızı, yardım ləvazimatlarımızı və təlim keçmiş personalımızı bölgəyə göndərməyə hazırıq" deyib.
Kolivand sonda lazımi koordinasiya üçün cavab gözlədiklərini bildirib.
TAHİR