İranı korrupsiya qalmaqalı bürüdü - neft və əczaçılıq sahələrində milyardlarla dollar necə yoxa çıxıb...
İranda davam edən korrupsiya qalmaqalına daha biri əlavə olunub. Milyardlarla dollarlıq əczaçılıq subsidiyalarının yoxa çıxması ilə bağlı açıqlamalar geniş ictimaiyyətin qəzəbinə səbəb olub.
Belə ki, prezident Məsud Pezeşkian yanvarın 11-də etdiyi çıxışında "əczaçılıq subsidiyalarına ayrılan valyutanın bir hissəsi yox olur" deyərək ölkədə korrupsiya böhranını yenidən alovlandırıb. Bu açıqlama dərman qiymətlərinin 200-400 faiz artdığı və zəruri dərmanların ya əlçatmaz olduğu, ya da baha qiymətə satıldığı üçün milyonlarla iranlının ümidsizliyə qapıldığı bir vaxta təsadüf edirdi.
Pezeşkian ötən ilin 18 dekabrında büdcə və planlaşdırma təşkilatına gözlənilməz səfəri zamanı, hər gün 20 milyon litr yanacağın itirildiyinə diqqət çəkərək “Hər gün 20 milyon litr yanacaq necə itirilə bilər?” demişdi. Onun “əgər bu vəziyyətə nəzarət edə bilməsəm, tam bacarıqsız olmalıyam” deyə ironik ifadələri ictimaiyyətin prosesin idarə olunmaması ilə bağlı tənqidlərinin artmasına səbəb olub.
Bu arada, Hörmüzqan əyalətinin səlahiyyətliləri illərdir hər gün 70 min litr aviasiya yanacağını “sifonlayan” gizli iki kilometrlik boru kəmərini üzə çıxarıblar. “Qanunsuz boru kəmərinin dəyəri təxminən dörd milyard tüməndir” deyən yerli bir ədliyyə rəsmisi isə bu qədər böyük bir itkinin uzun müddət hiss edilməməsinə dair heç bir izahat verməyib.
Tehranda və başqa yerlərdə də boru kəmərlərindən neft oğurlanması ilə bağlı xəbərlər gəlməyə davam edir və geniş yayılmış bu qədər böyük itki isə ölkə ictimaiyyətində ciddi şübhələrə yol açır.
Çatışmayan vəsait problemi təkcə yanacaq və dərmanla məhdudlaşmır. İranın neft-kimya sektorunda gömrük məlumatları ilə sektor hesabatları arasında 9,3 milyard dollarlıq fərq də ciddi suallar doğurub və ölkədə böyük narahatlıq doğurub. Gömrük rəsmiləri ilin ilk doqquz ayında 19,7 milyard dollarlıq ixracat olduğunu iddia etsələr də, sənayeçilər real rəqəmin 10,4 milyard dollara yaxın olduğunu bildirirlər.
TAHİR