Səfirlik təkzib etdi - yeni səfir Birol Akgün Bakıya gəlməyib
Türkiyənin Azərbaycana təyin edilən yeni səfiri Birol Akgünün Bakıya gəlməsi və fəaliyyətə başlaması həqiqəti əks etdirmir. Bu barədə Trend-in sorğusuna cavab olaraq Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd edilib ki, yeni təyin edilən səfir fevral ayında fəaliyyətə başlayacaq.
Daha öncə bəzi KİV-lər Birol Akgünün artıq Bakıda olduğunu və səlahiyyətlərinin icrasına başladığını bildirirdi.
Xatırladaq ki, 11 yanvar tarixində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Birol Akgünü Azərbaycana yeni səfir təyin edib.
Ötən ilin dekabrın 14-də isə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçının diplomatik fəaliyyət müddəti başa çatıb. Diplomatın fəaliyyət müddətinin başa çatması münasibətilə təşəkkürnamə təqdim olunub.