Azərbaycan Avropadan Mərkəzi Asiyaya keçidi bağlaya bilər - qitənin daha bir çətin sınağı...
Elşad Həsənov: “Bu o deməkdir ki, bizsiz heç nə edə bilməyəcəksiniz”
Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Qərbin və onun təsisatlarının Azərbaycansız Orta Asiyaya keçidinin mümkünsüz olduğunu qeyd etdi:
“Onlar Mərkəzi Asiya ölkələri ilə yaxınlaşmaq üzrə öz siyasətini necə həyata keçirəcəklər? Rusiya üzərindən əlaqə saxlayacaqlar? Şübhə edirəm. Bəlkə İran üzərindən? Yenə də şübhə edirəm. Azərbaycanın altından tunel çəkəcəklər? Yəqin ki, bu da olmayacaq. Ona görə də bu məsələyə, sadəcə, ayıq başla yanaşmaq, Avropaya, hər hansı Avropa ölkəsinə qarşı heç vaxt pis bir şey etməmiş Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirmək lazımdır”.
Bütün bunlar onu göstərir ki, Qərb Azərbaycanla hesablaşmağa məhkumdur. Çünki bunun alternativi yoxdur.
“Çünki bizim ölkə olmadan Avroittifaqın Orta Asiya ölkələrinə əlverişli çıxışı mümkünsüzdür”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, Azərbaycan elə bir geosiyasi məkanda yerləşir ki, burada Şərq-Qərb, Şimal-Cənub yolları kəsişir: “Dünyanın, necə deyərlər, şah damarı Azərbaycandan keçir. Ona görə də Azərbaycan hər zaman böyük dövlətlərin diqqət mərkəzində olub. Çünki qədim İpək yolu məhz Azərbaycandan keçib. Bu gün də yolun bərpası ilə bağlı işlər görülür. Ona görə də Azərbaycan həmin yolu işə salmaq üçün 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmanın 9-cu bəndi ilə bağlı israr edir. Yəni Zəngəzur dəhlizinin açılmasını qətiyyətlə tələb edir. Ona görə də regionda gedən proseslər dünyanın diqqət mərkəzindədir. Qərb istəyir ki, Azərbaycan onların dediyi ilə oturub-dursun. Ancaq Azərbaycan müstəqil siyasət yeridir. Çünki ölkəmizin öz dövlət və milli maraqları var. Ona görə də müəyyən məsələlərlə bağlı bizim maraqlarımız Avropa İttifaqı ilə üst-üstə düşmür. Biz öz işimizlə, əməlimizlə öz köməyimizi göstərmişik. Ukrayna müharibəsi başlayandan sonra Azərbaycan öz imkanları daxilində Avropaya qaz ixracını artırmağa başladı. 2022-ci ilin iyununda Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Lyayen Azərbaycana səfər etdi və tərəflər arasında qaz idxalı ilə bağlı bəyannamə imzalandı. Ursula bəyan etdi ki, Azərbaycan Aİ üçün vacib, əvəzolunmaz tərəfdaşdır. Azərbaycan da bu gün Avropa ölkələrinin 10-na qaz ixrac edir. Onlardan 8-i Avropa İttifaqının üzvüdür. Bu mənada Azərbaycan Avropa ittifaqına daim dəstək olub. Ona görə də Qərb Azərbaycanla hesablaşmağa məhkumdur. Çünki bizim ölkə olmadan Avroittifaqın Orta Asiya ölkələrinə əlverişli çıxışı mümkünsüzdür. Buna səbəb ölkəmizin geostrateji mövqeyidir. Bu baxımdan Azərbaycanla hesablaşmağa məhkumdular. Prezidentin bununla bağlı səsləndirdiyi fikirlər o deməkdir ki, bizsiz heç nə edə bilməyəcəksiniz”.
Vidadi ORDAHALLI