Otellər nikah sənədi tələb edir, insanlar narazı qalır - qanun nə deyir...
Sovet dövründə mehmanxanalarda “nikah şahadətnamə”si olmadan, rəsmi şəkildə ər-arvad olsa belə, bir otaqda qalmağa icazə verilmirdi. Buna görə də ailə ilə harasa istirahətə gedirdinsə, mütləq “ZAQS” kağızın yanında olmalıydı. Müstəqil Azərbaycanın bəzi bölgələrində yenə də eyni vəziyyətdir.
Adının çəkilməsini istəməyən hotel sahibi bildirib ki, rəhbərlik olaraq nikah kağızı tələb etmək məcburiyyətində qalır: "Gün ərzində gənc və ya olğun yaşda cütlüklər gəlir. Çoxunda nikah kağızı olmur, sabah problem olanda polisə dərdini izah et ki, öz xoşları ilə gəliblər. Dəfələrlə belə hallarla qarşılaşırıq. Bəzən isə polislər nikah kağızını niyə tələb etmədiyimizi soruşurlar. Biz də vəkil və hüquqşünas deyilik ki, polisin verdiyi suala cavab verək".
Maraqlıdır, otellərdə nikah kağızının tələb olunması qanunidir?
Elçin Rüstəm: “Hər kəsin azadlıq hüququ var, buna heç kim qadağa qoya bilməz”
Turizm sahəsi üzrə ekspert Elçin Rüstəm “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, dünya praktikasında belə bir şey yoxdur. İnsanın hüququnu tapdalamaq olmaz. Kimsə kiminləsə otelə gedirsə, otelə “əxlaqsızlıq yuvası” adı da qoymaq olmaz: “Hər kəsin azadlıq hüququ var. Buna heç kim qadağa qoya bilməz. Dünya qanunlarının, ölkə qanunvericiliyinin və Konstitusiyamızın insanlara verdiyi hüquqlar var. Mən öz istirahətimi kiminlə istəsəm edərəm”.
Ekspert bildirdi ki, bu kimi hallar ölkə turizminin inkişafına mane olan amillərdən biridir. Onun sözlərinə görə, əgər biz turizmi inkişaf etdirmək istəyiriksə, bu cür fikirlərdən uzaq olmalıyıq.
Hüseyn Axundov: “Qanunda nikah şəhadətnaməsi tələb etmək norması yoxdur”
Hüquqşunas Hüseyn Axundov “Bakı-Xəbər”ə açıqlamasında vurğuladı ki, qanunda nikah şəhadətnaməsi tələb etmək norması yoxdur. Adətən, Azərbaycanda fəaliyyət göstərən mehmanxanalarda əxlaqsızlığın qarşısını almaq üçün şəhadətnamə tələb olunur. Digər tərəfdən elə mehmanxanalar da var ki, orada belə bir tələb qoyulmayıb. O qədər nikahsız yaşayan ər-arvad var ki, belə çıxır onlar harasa istirahətə getdikdə otel və yaxud istirahət mərkəzlərinə buraxılmamalıdırlar? Dünyanın heç bir ölkəsində otel və istirahət mərkəzlərinə getdikdə insanlardan nikah haqqında sənəd tələb olunmur. Azərbaycanda da tələb olunmamalıdır”.
Günel CƏLİLOVA