Media savadlılığı məlumat azadlığı praktikasını təkmilləşdirən amildir...
Bu gün bizə düzgün informasiya almaq, feyk xəbərlə doğru xəbəri ayrıd etmək, dezinformasiya ilə mübarizə aparmaq olduqca vacib bir məsələdir. Bunun üçün isə cəmiyyət media savadlılığına malik olmalıdır.
Media savadlılığının nə olduğuna, bizə nəyə görə lazım olduğuna izah verilib. Qeyd olunur ki, media savadlılığı, insanların mediyada təqdim edilən məlumatları oxumaq, təhlil etmək, qiymətləndirmək və düzgün nəticələr çıxarmaq bacarığıdır. Bu anlayış yalnız xəbərləri düzgün anlamaqla məhdudlaşmır, həm də saxta məlumatları aşkar etmək, dezinformasiya ilə mübarizə aparmaq və tənqidi düşüncə formalaşdırmaq məqsədini daşıyır.
Bu qeydlər mediada gedib.
Bildiyimiz kimi, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi müxtəlif işlər görür, layihələr həyata keçirir. Keçən ilin 16-22 dekabr tarixlərində Medianın İnkişafı Agentliyi tərəfindən “Media Savadlılığı” Həftəsi keçirildi. Eyni zamanda da “Media savadlılığı” rəqəmsal platforması istifadəyə verildi.
Qeyd edək ki, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov "Media savadlılığı" konfransı çərçivəsində jurnalistlərə açıqlamasında "Media savadlılığı" rəqəmsal platformasının məqsədlərini açıqlayarkən “Hər şeydən əvvəl obyektiv informasiya mənbəyinin əldə olunmasında bu platformanın xüsusi rolu olacağına inanırıq. Həmçinin saxta xəbərlərlə mübarizədə də bu platforma müstəsna rol oynayacaq. Həm obyektiv informasiyanın əldə olunması, həm də saxta xəbərlərlə mübarizədə zəruri üsul və vasitələrin tapılması üçün platforma istifadəçilərə yardımçı olacaq”-deyə bildirirdi.
Ümumiyyətlə, media savadlılığı təkcə media mənsublarına, media subyektlərinə aid məsələ deyil, bu cəmiyyətin bütün sahələrini, bütün sferalarını əhatə edən bir məsələdir. Özü də vacib məsələ.
Məlumdur ki, “Media haqqında” qanunda da bu məsələ ayrı maddə olaraq qoyulur. Media savadlılığı – insanların mediada təqdim olunan məlumatları analiz edə bilmək, faktları fərqləndirə bilmək və media vasitələrindən düzgün istifadə etmək bacarıqlarını əhatə edir. İnternetin sürətli yayılması və sosial medianın təsiri nəticəsində bu sahədə məlumatlılığın artırılması mühüm əhəmiyyət kəsb edir.
Ekspertlər hesab edir ki, XXI əsr bizdən media savadlılğına malik olmağı tələb edir. Bu gün Azərbaycanda media savadlılığının geniş yayılması, təşəkkül tapması üçün köklü işlər görülür. Ötən ilin dekabrında elan olunan Media Savadlılığı” Həftəsi çərçivəsində bu istiqamətdə geniş maarifçilik işləri həyata keçirildi, media qurumları da daxil olmaqla ayrı-ayrı sahələrdə işlər aparıldı. Bu gün də media savadlılığı prosesi davam etdirilir. Qeyd etdiyimiz kimi, agentliyin “Media savadlılığı” rəqəmsal platforması istifadəyə verilib, istənilən vətəndaş o platformaya daxil olub, bu yöndə ətraflı məlumat əldə edə bilər. Çünki o platformada insanları media savadlılığına təşviq etmənin bütün detalları öz əksini tapıb.
“Media Savadlılığı” Həftəsinin faydaları...
Ekspertlər bildirir ki, “Media Savadlılığı” Həftəsi çərçivəsində aparılan işlər həm mediaya, həm də cəmiyyətə təsirsiz ötüşməyib. Ekspertlər deyirlər ki, bu istiqamətdə atılan praktik addımın cəmiyyətə fayda verdiyi şübhəsizdir. Bundan ilk növbədə cəmiyyətin, geniş auditoriyanın, eləcə də medianın səmərəli şəkildə faydalandığını və faydalanmağa da davam etdiyini deyən ekspertlər hesab edir ki, media savadlıılğının müsbət təsirlərinin ilk cücərtiləri özünü son proseslərdə ifadə etmiş oldu. Məlum təyyarə qəzası baş verdikdən sonra insanlar daha çox gerçək informasiya əldə etməyə çalışdılar, yalan xəbərlərə uyanların sayı əvvəlkindən az oldu. Sosial şəbəkələrdə, müxtəlif platformalarda media savadlılığının təbliğinin hər gün davam etdirilməli olduğunu deyən ekspertlərə görə, insanlar doğru xəbərlə saxta xəbərləri ayrıd edənə qədər bu proses davam etməlidir. Bütövlükdə, “Media savadlılığı” Həftəsinin faydalarının böyük olduğunu deyənlər hesab edir ki, cəmiyyət bu prosesdə çox şey öyrənə bildi. Eskpertlərə görə, media savadlılığı məlumat azadlığı praktikasını təkmilləşdirən amil kimi də diqqəti çəkir. Azərbaycanda məlumat və söz azadlığının olduğu məlumdur və bu cür layihələr, təbliğat amilləri də bu prosesi daha da canlandırır.
“Cəmiyyətin diqqəti bu məsələyə yönəldilə bildi”
Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, “Media Savadlılığı” Həftəsi, əlbəttə, diqqətçəkən bir məcrada yürüdü. “Yəni həmin günlərdə, hətta ona qədərki bir neçə gün və ondan sonrakı bir neçə gün ərzində media savadlılığı ilə bağlı müzakirələr getdi, ümumiyyətlə, cəmiyyətin diqqəti bu məsələyə yönəldilə bildi”.
A.Həsrət hesab edir ki, media bu məsələni diqqətdə saxlasa da, bu istiqamətdə maarifçilik işlərini davam etdirsə də, amma cəmiyyət bu təşəbbüsü sanki unutdu. A.Həsrətin fikrincə, media savadlıığı sahəsində müzakirələr daim davam etdirilməli, cəmiyyətin bu sahədə maarifləndirilməsi genişləndirilməlidir. “Media savadlılığı elə bir məsələdir ki, onu hansısa həftəlik çərçivəsində ictimailəşdirməklə yetinmək olmaz. Yəni davamlı şəkildə bu işlə məşğul olmaq lazımdır. Həmin günlərdə mediayaya verdiyim açıqlamalarda, çıxışlarımda ayrıca qeyde dirdim ki, media savadlılığı geniş auditoriyaları əhatə edən və davamlı bir proses olmalıdır. Belə olacağı təqdirdə, xüsusən də indiki saxtakarlıq dövründə cəmiyyəti yalandan, fitnə fəsaddan qorumaq mümkün olar. Ona görə də hesab edirəm ki, artıq media savadlılığı həftəlik çərçivəsində qalmamalıdır, davamlı şəkildə irəli aparılmalıdır. Ümumiyyətlə isə Azərbaycanda media ilə bağlı islahatlara ciddi ehtiyac var. Özəlliklə düşünürəm ki, media sahəsində təhsil daha üst səviyyəyə qaldırılmalıdır. Məsələn, qardaş Özbəkistanda olduğu kimi konkret olaraq jurnalistika universitetinin qurulması yerinə düşər. Ayrı-ayrı universitetlərin fakültələri çərçivəsində işin öhtəsindən tam gələ bilmirik. Həm də xarici dillərdə fəaliyyət göstərəcək jurnalistlərin yetişdirilməsi bu fakültələrin hesabına yetərli olmur. Maddi texniki bazanın, peşəkar kadrların yetərincə olmaması problemdir. Həmin problemi aradan qaldırmaq üçün Azərbaycan özünün bu mərhələsində Jurnalistika universiettinin qurulması üçün addımlar atmalıdır. Media universitetinin qurulmasından danışırıq.
Media savadlılığının davamlı bir prosesə çevrilməsi, cəmiyyətin adrıcıl şəkildə məlumatlandırılması, maarifləndirilməsi üçün mütləq yeni addımlara ehtiyac var. Bunun da birini mən dedim. Jurnalistika universitetinin yaradılması çox yaxşı başlanğıc ola bilər”-deyə A.Həsrət bildirdi.
Media eksperti hesab edir ki, media savadlılığının təbliğ edilməsi gündəlik fəaliyyətə çevrilməlidir. “Media Savadlılığı” Həftəsi çərçivəsində həyata keçirilən məqsədyönlü işlərin, geniş müzakirələrin bu gün də davam etdirilməsinin labüd olduğunu deyən media ekspertinin sözlərinə görə, cəmiyyət daim maarifləndirilməlidir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.