Britaniyadan qanunsuz miqrasiyaya ZƏRBƏ - bu şəxslər “qara siyahı”ya salınacaq
"Böyük Britaniya hökuməti dünyada ilk dəfə qeyri-qanuni miqrasiya təşkilatçılarına qarşı sanksiya tətbiq edəcək." Bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. 2025-ci ildə qüvvəyə minməsi gözlənilən plan yanvarın 9-da xarici işlər naziri Devid Lammi tərəfindən təqdim ediləcək.
Hakimiyyət orqanlarının hərəkətləri insan qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qrupların fəaliyyətini iflic etməyə və onları maliyyədən məhrum etməyə yönəlib. Böyük Britaniyada qeyri-qanuni immiqrasiya problemi ölkə Avropa İttifaqından çıxdıqdan sonra daha da kəskinləşib, baxmayaraq ki, bu məsələ “Brexit”in əsas səbəblərindən biri olub.
2018-ci ildən bəri 150 mindən çox qeyri-qanuni mühacir qayıqlarda La-Manş boğazını keçərək krallığa daxil olub. İyulun 4-də keçirilən ümumi seçkilərdən sonra formalaşan Leyboristlər hökuməti Britaniyaya qanunsuz miqrant axınının qarşısını almaq üçün Aİ dövlətləri ilə əməkdaşlığı gücləndirməyə söz verib.
Mətləb Salahov