Ağdam Sənaye Parkından dünyaya böyük mesajlar...
Aydın Hüseynov: “Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti formalaşdırılıb”
Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyev bir neçə gün əvvəl yerli telekanallara müsahibə verib. Müsahibə zamanı Prezident İ.Əliyev bir sıra məsələlər toxunub. O cümlədən, qeyd edib ki, Ağdam şəhərində yaradılmış sənaye parkının məhsulları indi xaricə ixrac edilir: “Şəhər dağılıb, amma burada sənaye müəssisələri artıq fəaliyyət göstərir və xaricə məhsul ixrac edir”.
Həmçinin, Prezident Qarabağda 30-dan çox su elektrik stansiyasının işə salındığını da dilə gətirib.
Qeyd edək ki, Ağdam Sənaye Parkında əsas istiqamət tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalıdır. Beləliklə, Ağdam sənaye parkında istehsal olunan məhsullar artıq xaricə ixrac olunur. Ağdamda sənaye parkının yaradılması geostrateji baxımdan əhəmiyyət daşıyır.
Məlumdur ki, Azərbaycanın yerli su ehtiyatlarının 25 faizi (2 milyard 560 milyon kubmetr) Qarabağ və Şərqi Zəngəzurda formalaşır. Bu səbəbdən də Qarabağda 30-dan çox su elektrik stansiyası işə salınıb.
“Qarabağ və Şərqi Zəngəzurda son 4 il ərzində 270 meqavat gücündə 32 su elektrik stansiyası istifadəyə verilib, 2025-ci ildə isə daha 11 su elektrik stansiyasının açılışı planlaşdırılır”
Milli Məclisin depuatı Aydın Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dövlət başçısı İlham Əliyev bir neçə gün əvvəl yerli telekanallara müsahibəsində bir daha işğaldan azad edilmiş ərazilərdə görülən işlərə, o cümlədən sənaye parklarının və su elektrik stansiyalarının əhəmiyyətinə toxunub: “Ölkə başçısı azad ərazilərdə fəaliyyət göstərən sənaye parklarının ölkəmizin iqtisadi inkişafına verdiyi töhfəni də yüksək dəyərləndirib. Qarabağ və Şərqi-Zəngəzurda yaradılan sənaye parkları isə sənaye istehsalının onurğa sütununu təşkil edir. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti formalaşdırılıb. Hazırda Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə investisiya kapitalı 350 milyon manatdan çox olan 40-dan çox rezident fəaliyyət göstərir. İndiyədək rezidentlər tərəfindən sənaye parklarına 90 milyon manatdan çox investisiya yatırılıb. Artıq bu sənaye obyektləri bölgənin sürətli inkişafına və ümumilikdə ölkə iqtisadiyyatına reinteqrasiyasına imkan yaratmaqdadır”.
Millət vəkilinin sözlərinə görə, yaşıl potensialı ilə fərqlənən Qarabağ və Şərqi Zəngəzurun bərpaolunan enerji ehtiyatları da artıq ölkəmizin enerji sisteminə inteqrasiya olunub. 2024-cü ildə bu bölgədə fəaliyyət göstərən su elektrik stansiyalarında (SES) 550 milyon kilovat-saatadək ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal olunub. Həmin enerjinin üçdə biri, təxminən 200 milyon kilovat-saatı işğaldan azad edilən ərazilərin özünün enerji tələbatını ödəyib, qalan üçdə iki hissəsi isə respublikanın enerji sisteminə ötürülərək digər bölgələrin tələbatına yönləndirilib: “Ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda son 4 il ərzində 270 meqavat gücündə 32 su elektrik stansiyası istifadəyə verilib, 2025-ci ildə isə daha 11 su elektrik stansiyasının açılışı planlaşdırılır. Növbəti illərdə isə əlavə olaraq 200 meqavatlıq digər su elektrik stansiyalarının tikilməsi də nəzərdə tutulur. Bu isə Azərbaycanın təmiz enerji təminatında mühüm rol oynayacaq, yaşıl enerji ixracına imkan verəcək”.
Günel CƏLİLOVA