Kərə yağının idxalı və daxili istehsalı artır - qiymət də artsa, batdıq...
Akif Nəsirli: “Süd verən inəklərin sayının azaldığı bir zamanda kərə yağının istehsalı necə arta bilər?”
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 151 milyon 558 min ABŞ dolları dəyərində 26 min 403 ton kərə yağı idxal edilib. Qeyd edək ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 81.5% və ya 68 milyon ABŞ dolları, həcm baxımından isə 77% və ya 11 487 ton artıb.
Belə ki, 2023-cü ilin ilk 11 ayında Azərbaycana 83 milyon 505 min ABŞ dolları dəyərində 14 916 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Xatırladaq ki, hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların ümumi idxalda payı 0.81% təşkil edib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə, bu ilin yanvar-noyabr aylarında ölkədə 26 890.6 ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.1% çoxdur. Beləliklə, hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 487.6 ton çox olub. Onu da bildirək ki, bu dövrdə Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 21.95 manat, yerli kərə yağının isə orta satış qiyməti 20.25 manat təşkil edib.
Belə bir vəziyyətdə kərə yağının satış qiyməti dəyişə bilərmi?
“Digər məhsullar kimi kərə yağı da inhisardadır, bu səbəbdən də bazara məhsul yüksək qiymətə çıxardılır”
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkə daxilində hər hansı bir məhsulun istehsalı artırsa, bu hal özünü idxalda mütləq göstərir: “Ölkə daxilində kərə yağı istehsalı artırsa idxalın həcmi azalmalıdır. Maraqlıdır, həm kərə yağı idxalı artır, həm də istehsalı artır. Bunun ikisindən biri düzgün deyil. Idxalın şişirdilməsi ağlabatan deyil, nəzərə almaq lazımdır ki, idxal artırsa gömrük rüsümu da artır. Bu dəqiqdir. Ölkə daxilində kərə yağının çox istehsal olunması artıq deyilə bilər. Bu da onu göstərir ki, ötən dövrlər ərzində daxildə kərə yağının istehsalının zəif olması tənqid edilirdi. Xaricdən nəyə görə kərə yağı gətirməliyik kimi tənqidlər səslənirdi. Bu səbəbdən də kərə yağı istehsalının artması ilə bağlı statistika yayılıb. Əslində ölkədə heyvandarlıqla məşğul olan fermerlərin sayı azalır. Süd verən inəklərin sayının azaldığı bir zamanda kərə yağının istehsalı necə arta bilər?”
Həmsöhbətimiz hesab edir ki, Azərbaycanda idxaldan ciddi asılılıq qiymətlərin bahalaşmasına təsir göstərir: “Onu da deyim ki, Azərbaycana yağı hər adam gətirə bilməz. Digər məhsullar kimi kərə yağı da inhisardadır. Bu səbəbdən də bazara məhsul yüksək qiymətə çıxardılır”.
Günel CƏLİLOVA