İdman Akademiyasında işçilərinin kütləvi ixtisar edilməsi xəbərinə aydınlıq gətirilib
Mətbuatda Azərbaycan İdman Akademiyasında (AİA) kütləvi ixtisarlar aparıldığı barədə məlumatlara aydınlıq gətirilib. Bununla bağlı Azərbaycan İdman Akademiyası Mətbuat Xidmətindən Trend-ə açıqlama verilib.
"Bildiyiniz kimi, Nazirlar Kabineti 13 may 2024-cü il tarixində “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar verib və Azərbaycan İdman Akademiyası publik hüquqi şəxsə çevrilib.
Bunu əsas tutaraq, Azərbaycan İdman Akademiyası öz təhsil strategiyasını daha da təkmilləşdirilmək və qısa vaxt ərzində müasir beynəlxalq standartlara nail olmağı qarşısına hədəf olaraq qoyub. Bunun üçün bir sıra silsilə islahatların tətbiqinə başlanılıb.
Bir neçə mərhələdən ibarət olan islahatlara, eyni zamanda Akademiyanın inzibati heyətinin formalaşdırılması da daxildir. Belə ki, hazırda Azərbaycan İdman Akademiyasının inzibati heyəti müasir tələblərə uyğun olaraq, tərəfsiz münsiflərin də iştirakı və video qeydiyyat prosesi olmaqla, fərdi müsahibələr əsasında təşkil edilir. Müsahibəni uğurla keçənlərə müvafiq vəzifələr təklif edilir.
İnanırıq ki, tezliklə idman ictimaiyyəti Akademiyanın ölkənin idman siyasətinin tələbinə uyğun olaraq peşəkar idmanın inkişafı üçün həyata keçirmiş olduğu bu islahatlarının müsbət nəticələrinin şahidi olacaq", - məlumatda qeyd olunub.