Ermənistana hərbi, siyasi və diplomatik dəstək vermiş 3 müttəfiq ölkənin biri sıradan çıxdı...
Arzuxan Əlizadə: “Rusiya Ermənistanın silahlandırılması ilə məşğul olurdu”
“Bir müttəfiqdən milyardlarla dollarlıq pulsuz silah, digər ikisindən isə siyasi və mənəvi dəstək aldıqlarına görə özlərini rahat hiss edirlər”. Bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
Ölkə başçısının fikrincə, Ermənistanın işğalçı siyasəti hər hansı dialoqu nəzərdə tutmurdu, onlar danışıqlar formatından işğalı davam etdirmək üçün pərdə kimi istifadə edirdilər: “Ermənistan Azərbaycan ərazilərinin bir santimetrini belə azad etmək istəmirdi. Onlar hesab edirdilər ki, bir müttəfiqdən milyardlarla dollarlıq pulsuz silah, digər ikisindən isə siyasi və mənəvi dəstək aldıqlarına görə özlərini rahat hiss edirlər. Beləliklə, ATƏT-in Minsk qrupunun üç həmsədrinin hamısı mənim cavab verdiyim həmin dövrdə birmənalı olaraq işğalçının tərəfində idi. Mən bunu 2004-cü ildən Minsk qrupu çərçivəsində danışıqlar aparan və bu “üçlüklə” çoxlu sayda görüşlər keçirən insan kimi deyirəm”.
Maraqlıdır, ölkə başçısı Ermənistanın bir müttəfiqdən milyardlarla dollarlıq pulsuz silah, digər ikisindən isə siyasi və mənəvi dəstək alırdı deyərkən söhbət konkret hansı ölkələrdən gedir?
“Paris imkan vermirdi ki, beynəlxalq qurumlarda işğalçı dövlətə qarşı qətnamələr, sanksiyalar qəbul edilsin”
Sözügedən məsələyə aydınlıq gətirən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə həmsədr ölkələrin bu işlə məşğul olduqlarını qeyd etdi: “Cənab Prezident tamamilə doğru olaraq sözügedən məsələni təsvir etdi. Özü də bu işlə ATƏT-in Minsk Qrupunun həmsədrləri məşğul olurdular. Konkret olaraq Rusiya Ermənistanın silahlandırılması ilə məşğul olurdu. Həm Birinci Qarabağ müharibəsi dönəmində, həm də ondan sonra. Bilavasitə Rusiyanın yardımı ilə Qarabağ və ətraf rayonlar işğal edildi. 1994-cü ilin mayında atəşkəs imzalandı. Ondan sonra 1995-1997-ci illər ərzində Rusiya Ermənistana 1 milyard dollarlıq silah yardımı etdi. O vaxt bu olduqca böyük rəqəm idi. 2016-cı ildə Aprel döyüşlərindən sonra Rusiya heç bir ölkəyə ixrac etmədiyi “İsgəndər” ballistik raketlərini məhz Ermənistana peşkəş etdi. Fransa ilə ABŞ isə Ermənistana siyasi, iqtisadi, humanitar və mənəvi dəstək verirdilər. ABŞ hər il Ermənistana on milyonlarla maliyyə yardımı edirdi. Hətta ABŞ 1998-ci ildən başlayaraq Qarabağdakı separatçı rejimə belə, humanitar yardım adı altında kömək edirdi. Halbuki, postsovet məkanında digər separatçı qurumlar da var idi, amma Birləşmiş Ştatlar onlara belə bir lütfkarlıq göstərmirdi. Fransa da əsasən Ermənistana siyasi yardım göstərirdi. Paris imkan vermirdi ki, beynəlxalq qurumlarda işğalçı dövlətə qarşı qətnamələr, sanksiyalar qəbul edilsin. Həyasızcasına bəyan edirdilər ki, əraziləri işğal edən Ermənistan yox, Qarabağ erməniləridir. Bu idi 3 həmsədr ölkənin bizə qarşı apardığı siyasət. Bir şeydə onlar yanıldılar. Hesab edirdilər ki, uzun müddətli atəşkəsdən sonra Azərbaycan bezəcək və nəticədə işğalla barışacaq. Daha sonra güzəştə getməyə məcbur olacaq. Ancaq nəticə tamam fərqli və onların gözlədiklərinin əksi oldu”.
Vidadi ORDAHALLI