Bəşər Əsədin arvadının İngiltərə casusu olduğu ortaya çıxdı - Əsəd ailəsi ilə bağlı gizli sənədlər sızdırıldı...
Suriyada devrilən və ailəsi ilə birlikdə Rusiyaya qaçmaq məcburiyyətində qalan Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd haqqında qalmaqallı iddia ortaya atılıb. Belə ki, Londonda doğulan Əsma Əsədin ingilis agenti olduğu iddia edilir. Britaniyada yerləşən UK Declassified tərəfindən sızdırılan sənədlərə görə, Əsma Əsəd 1994-cü ildə İngiltərədə əks-kəşfiyyat fəaliyyətlərində iştirak edib və MI5 (daxili kəşfiyyata cavabdeh) rəsmiləri ilə görüşlər keçirib.
Sızdırılan sənədlərə görə, Əsma Əsəd o vaxt İngiltərə Məxfi Xidməti MI5-in yüksək vəzifəli əməkdaşı Eliza Menninqem-Bullerlə “Chesterfield Mayfair” mehmanxanasında təkbətək görüş keçirib. Hətta devrilmiş lider Bəşər Əsəd də bu görüşdə iştirak edib. Bundan əlavə, Əsma Əsədin 1994-cü ildə atası Favaz el-Axrasın Aktondakı evində keçirilən xüsusi bir görüşdə də iştirak etdiyi bildirilir. Gizli görüşdə həm hərbi, həm də mülki Britaniya rəsmilərinin iştirak etdiyi və Suriya-İsrail münasibətləri, regional sülh danışıqlarının müzakirə edildiyi bildirilir.
Sənədlərdə qeyd olunur ki, Bəşər Əsəd İngiltərədə olarkən fəaliyyəti Britaniya və Suriya kəşfiyyatı tərəfindən yaxından izlənilib. Əsəd üçün yazılan qeydlərdə onun akademik araşdırmalardan kənara çıxaraq siyasi mövzulara müraciət etdiyi, gələcək siyasi meyllərinin qiymətləndirilməyə çalışıldığı bildirilir.
Gizli görüşlərin ictimai xarakter daşıdığı iddia edilsə də, əslində siyasi məzmun daşıdığı bildirilir. İddialara görə, Bəşər Əsədin Suriya-İsrail münasibətləri və regional siyasətləri ilə bağlı fikirləri diqqətlə araşdırılıb və onun gələcək mümkün istiqamətləri haqqında məlumatlar toplanıb.
Suriya kəşfiyyatına aid olduğu iddia edilən sənədlərdə o zamankı Kəşfiyyat idarəsinin rəisi general-mayor Əli İsa Dubanın imzası var.
TAHİR