Azərbaycan tam hazırdır - Ermənistan yeni müharibəni qaçılmaz etdi...
Son günlərdə Ermənistan sərhədin bir neçə istiqamətində atəşkəsi pozub. Sülh gündəliyinin müzakirə edildiyi vaxt İrəvanın təxribatlara əl atması istər-istəməz ciddi suallar yaradır və İrəvanın sülh gündəliyindən uzaq qaçdığını göstərir.
Ekspertlər hesab edir ki, məsələnin arxasında Ermənistandan əlavə bu ölkəyə öz şərtlərini diqtə edən ölkələr də var. Faktdır ki, Azərbaycanın müstəqil ölkə kimi güclənməsi onun düşmənlərinin, rəqiblərinin qəzəbini artırır. Xüsusən də Qərb dairələrinin həyata keçirdiyi proseslər vəziyyəti daha da gərginləşdirməyə xidmət edir. Bu kimi məqamlara prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də geniş şəkildə toxunub. Dövlət başçısı qeyd edib ki, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri Ermənistanda çox ciddi qəbul edilməlidir: “Ermənistanda gedən silahlanma prosesi əlbəttə ki, Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Mən artıq bunu demişəm, bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. Mən bunu, eyni zamanda, Ermənistan rəhbərliyinə də dəfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər. Eyni zamanda, bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq, Azərbaycan bu imkanları verməyəcək. Ona görə Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək. Mən bunu artıq bir dəfə demişəm: biz Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərcləyirik. Bu, tam fərqli ola bilərdi. Çünki Ermənistanın silahlanma yarışı, bizim də maliyyə resurslarımızı əsas məsələlərdən başqa hərbi məsələlərə cəlb etməyə məcbur edir. Mən onu da bildirmişdim ki, Ermənistan silahlanma yarışında bizimlə rəqabət apara bilməz... Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər”. Faktdır ki, Qərbin regional maraqları kontekstində Ermənistandan plasdarm kimi istifadə etməsi bölgənin təhlükəsizliyinə ciddi təhdiddir. Proseslərin bir istiqaməti Rusiyanı zəiflətməyə hesablanıbsa, digər bir istiqaməti də Azərbaycan və Türkiyə ittifaqının Cənubi Qafqazda söz sahibi olmasını əngəlləməyə yönəlib.
Ermənistanın silahlanmasını təhlükəli proses kimi qiymətləndirən ekspertlərin fikrincə, rəsmi İrəvanın sərgilədiyi ritorika, xüsusilə hərbiləşmə meyilləri regionda silahlanma yarışını sürətləndirir. Bu da o anlama gəlir ki, Ermənistan faktiki olaraq növbəti müharibəyə hazırlaşdırılır və Cənubi Qafqazda münasibətlərin gərginləşdirilməsi fonunda təhlükəli oyunlar qurulur. Məlum olduğu kimi, silah və sursat ixracı beynəlxalq ticarətin əhəmiyyətli sahəsi olaraq, hər bir suveren dövlətin daxili işidir. Ancaq silah satan ölkə bu cür əməliyyatlar zamanı bu silahların münaqişə zonalarında potensial olaraq beynəlxalq hüquqazidd tətbiqini, silah alan dövlətin yürütdüyü aqressiv siyasəti, silahların kimə qarşı tətbiq edilə biləcəyini və sair amilləri mütləq şəkildə diqqətə almalıdır. Qərbdə isə bunu nəzərə almırlar. Ermənistanın əldə etdiyi silah və sursat yalnız onun işğalçılıq siyasətinin davam etdirilməsi, beynəlxalq cinayətlərin törədilməsi üçün istifadə edilir. Bir daha qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan regionda sülhün təmin olunması istiqamətində lazımi tədbirlər görür və təşəbbüslərlə çıxış edir. Amma Ermənistan Azərbaycan ərazilərini 30 ilə yaxın işğalda saxladığı dövrdə olduğu kimi müharibədən sonrakı dövrdə də havadarlarının təhriki ilə sürətlə silahlanır, sülh prosesini uzadır. Belə ki, rəsmi İrəvan müəyyən beynəlxalq dairələrlə birlikdə sülh məsələsi ətrafında spekulyasiya ilə məşğul olur. Bu gün Ermənistanın arxasında duran Fransa, həmçinin, Avropa İttifaqı aydın görürlər ki, Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmirlər. Onlar yeni münaqişə ocağı yaratmaqla həm də Rusiyanın diqqətini yayındırmaq istəyirlər. Ancaq onlar müharibə olacağı halda Ermənistanın hansı fəlakətlərlə qarşılaşacağının fərqində deyillər. Əlbəttə, bu, onlar üçün maraqlı deyil. Onlar üçün maraqlı olan öz çirkin niyyətlərinin həyata keçməsidir. Ancaq hər zamankı kimi onların bu çirkin planları puç olacaq. 44 günlük Vətən müharibəsində bütün dünya Azərbaycan ordusunun gücünü gördü. Ötən illər ərzində Azərbaycan ordusu daha da güclənib, müasir silahlarla təchiz edilib. Əgər yenidən müharibə olacaqsa, burada birmənalı şəkildə itirən Ermənistan olacaq. Amma yenə də Ermənistan sülh prosesini uzatmaqla vaxt udmağa çalışır. Məhz sülh mətninin qarşılıqlı mübadiləsi fonunda itirilən zaman buna hesablanıb. Beləliklə, illərlə sülh danışıqları uzanır. Həmin müddətdə isə Ermənistan çox güclü şəkildə silahlanır. Azərbaycan buna adekvat reaksiya verməyə tam hazırdır.
Nahid SALAYEV