Azərbaycan neftində tənəzzül aradan necə qaldırıldı?..
Proqnozlara əsasən, qarşıdakı 3 il ərzində hasilatın stabilləşməsi müşahidə olunacaq
Dövlət başçısı yerli televiziyalara müsahibəsində son illər ölkənin neft sənayesində baş verən tənəzzül barədə də danışıb.
O qeyd edib ki, əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır: "Çünki bildiyiniz kimi, biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və hesab edirəm ki, aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək".
Belə ki, ölkənin neft sənayesinin əsas predimeti olan neft yataqları özlərinin qocalıq dövrünü yaşadıqlarından, neft hasilatının da Azərbaycanda azalması obyektiv səbəblərdən baş verir. Ötən il AÇG (Azəri-Çıraq-Günəşli) yatağında yeni platformanın istismara verilməsi nəticəsində uzun illər davam edən azalma tempini nisbətən yavaşıtmaq mümkün olub. Cari ildə azalma templəri bir qədər də səngiməlidir. Ümumən, hökumətin proqnozu belədir ki, qarşıdakı 3 il ərzində hasilatın stabilləşməsi müşahidə olunmalıdır.
Bu ilin sentyabrında yenilənmis "Əsrin müqaviləsi"nə əsasən, konsorsium iştirakçıları olan beynəlxalq neft şirkətləri Azərbaycanda daha 32 il neft və qaz hasil edəcək. Müqavilənin yenilənməsinin əsas səbəbi daha dərin qatlarda olan neft ehtiyatlarının hasil edilməsidir.
Yeni qiymətləndirməyə əsasən, Xəzərin Azərbaycan sektorunda təsdiqlənmiş neft ehtiyatlarının həcmi 511 milyon ton dəyərləndirilib. Mütəxəssislərin fikrincə, bu hələ ilkin hesablamadır, ehtiyatlar daha çox ola bilər.
Daha dərin laylardan neft hasil edilməsi ücün konsorsium Azərbaycan neft sənayesinə daha 11 milyard dollar investisiya qoyacaq və Azərbaycan dövlətinə 3,6 milyard dollar bonus ödəyəcək.
Bütün bu tədbirlər nəticəsində bu il artıq neft hasilatındakı azalma aradan qaldırılacaq və gələn ildən hasilatda artim qeydə alınacaq. Qarşıdakı üç ildə isə neft hasilatı sabitləşdiriləcək. Yəni neft sənayesindəki geriləmə yalnız yataqların qocalması və dayaz qatlarda neftin tükənməsi ilə bağlı olub. Ötən ilin sonundan yeni və daha dərin laylara çatan quyuların qazılmasına başlanılıb. Bəzi quyularda artıq neft hasilatı başlayıb. Prezident bu səbəbdən müsahibəsində vurğulayıb ki, neft sənayesindəki azama artıq aradan qaldırılıb.
Akif NƏSİRLİ