Makron özünü itirdi - səhv səhvin dalınca gəlir...
Fransa prezidenti Emmanuel Makronun siyasəti sözügedən ölkəni çoxsaylı daxili və xarici problemlərlə üzləşdirib. Elə Makronun Parisdə keçirilən səfirlər toplantısında son açıqlamalarına dünyanın müxtəlif ölkələrinin və təşkilatlarının mənfi reaksiyası da bunun daha bir sübutudur.
Məsələn, Avropa İttifaqının ticarət məsələləri üzrə komissarı Maroş Şefçoviç Emmanuel Makronun Ümumdünya Ticarət Təşkilatının lazımi qaydada fəaliyyət göstərmədiyi barədə bəyanatını qəbul etməyib.
Şefçoviç Avropa İttifaqının təşkilatın qaydalarına sadiq olduğunu vurğulayıb və Makronu bu məsələyə şübhə ilə yanaşmaqda günahlandırıb: “Biz ÜTT-nin lazımi qaydada fəaliyyət göstərməsinə və dirçəlməsinə sadiqik. Əgər ÜTT dünya ticarət sistemi üçün ən əhəmiyyətli forum olaraq qalmaq istəyirsə, dünya ictimaiyyətinin mövcud ticarət sistemində üzləşdiyi problemləri hamının maraqları naminə həll etməlidir”. Makron Fransa səfirlərinin illik görüşündə Gürcüstanı nümunə gətirərək Rusiyanın seçki prosesinə təsir göstərdiyi qənaətində olduğunu bildirməsinə isə Tiflisdə sərt reaksiya verilib. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili isə qeyd edib ki, yanlış məlumat səhv təsəvvür yaradır və Emmanuel Makron bilməli idi ki, Gürcüstanda parlament seçkiləri elektron qaydada keçirilib və onların nəticələrinə heç nə təsir edə bilməzdi: “Gürcüstanda elektron seçkilər keçirilib və heç kim seçkilərin nəticələrinə təsir etmək üçün seçki qutusuna bu qədər bülleten ata bilməzdi. Makronun bunu bilməsi lazımdır”. Nazirin sözlərinə görə, əgər Makron bunu bilmirsə, onda Fransanın Gürcüstandakı səfiri Şeraz Qasridən onun öz hökumətini Gürcüstanda baş verən proseslər barədə nə dərəcədə düzgün məlumatlandırdığını soruşmaq lazımdır. Əlcəzair isə Makronun yazıçı Buəlam Sansalın həbs olunması ilə bağlı bəyanatını kəskin şəkildə qınayıb və bunu Əlcəzairin daxili işlərinə qəbuledilməz müdaxilə kimi qiymətləndirib. Əlcəzairin Xarici İşlər Nazirliyi “X” şəbəkəsində paylaşdığı bəyanatında bildirib ki, Əlcəzair Makronun verdiyi bəyanatları böyük təəccüblə izləyib. Qeyd edilib ki, bu bəyanatlar, ilk növbədə, belə məsuliyyətsiz və qeyri-ciddi şəkildə fikir söyləməyi münasib bilən şəxsin özünə zərər yetirir. Nazirlik əlavə edib: “Bu cür bəyanatları yalnız qınamaq, rədd etmək və pisləmək olar, çünki bunlar Əlcəzairin daxili işlərinə açıq və qəbuledilməz bir müdaxilədir”. Vurğulanıb ki, Fransa prezidentinin söz azadlığı adı altında böhtan və yalan söylədiyi məsələ, əslində, ölkənin ərazi bütövlüyünü pozmaqla bağlıdır və bu, Əlcəzair qanunlarına görə cəzalandırılmalı cinayətdir. Sansal Bumidin Hava Limanından Əlcəzairə daxil olarkən həbs edilib və dekabrın ortalarından bəri müalicə bölməsində saxlanılır. O, dövlət təhlükəsizliyini təhdid etməkdə ittiham olunur. Emmanuel Makronun son bəyanatları Əlcəzair parlamenti tərəfindən də kəskin şəkildə qınanıb.
Yuxarıda qeyd edilən qəbildən olan nümunələrin sayı çoxdur. Bu da Makronun xarici siyasətdə naşılığının daah bir göstəricisidir. Qeyd edilənlər Makronun anti-Azərbaycan siyasətinin səbəblərini də izah etməyə imkan verir. Xatırladaq ki, prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məsələyə toxunub, səfirlər toplantısında Fransa prezidentinin Azərbaycana qarşı yenə də cəfəng ittihamlar irəli sürdüyünü bildirib: “Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir. Mən hesab edirəm, əgər biz o qədər güclənmişik ki, Fransanın daxili işlərinə qarışa bilərik və nəyisə dəyişə bilərik, biz, sadəcə olaraq, bununla fəxr edə bilərik. Əslində, bu açıqlama öz acizliyinin etirafıdır. Özlərini böyük dövlət adlandıran bir prezident, sən demə, uzaqda - Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkir. Halbuki bizim bu Fransanın daxili işləri ilə bağlı heç bir işimiz yoxdur. Sadəcə olaraq, qeyri-normal yanaşma, qeyri-adekvat siyasət buna gətirib çıxarıb. Yəni, Ermənistan bunu çox ciddi ölçüb-biçməlidir”. Fransanın “La Gazette du Caucase” onlayn nəşrinin də bu fonda məsələyə yanaşması olduqca maraqlıdır: “Fransa prezidenti Emmanuel Makronun beynəlxalq hüququn qorunması ilə bağlı bəyanatı getdikcə farsa çevrilir. Fransız prezident tez-tez qlobal ədalətə olan sədaqətindən dəm vursa da, onun hərəkətləri və bəyanatlarında açıq-aydın ikili standartlar özünü büruzə verir. Makronun ritorikası, ələlxüsus da Azərbaycanla bağlı bəyanatları - öz mövqeyini sarsıdan narahatedici faktları görməzdən gəlməklə, beynəlxalq arenada əxlaqi lider obrazı yaratmaq cəhdidir. Makron dünya liderlərinə qarşı təkəbbürlü davranışları ilə məşhurdur. Onun 2017-ci ildə “Burkina-Faso prezidenti kondisoner təmir etməyə gedib” replikası, Makronun Afrika ölkələrinə qarşı himayədar münasibətinin bariz nümunəsidir. Hərçənd onun məhz Azərbaycana olan münasibəti fransalı prezidentin riyakarlığının dərinliklərini açıq-aydın şəkildə faş edir”. “La Gazette du Caucase”in yazdığına görə, Makronun Azərbaycandakı erməni separatçılara qeyd-şərtsiz dəstək göstərməsi onun yürütdüyü xarici siyasətin məntiqi ilə bağlı bir sıra suallar doğurur. Ermənistana Fransa, Rusiya və İran kimi geosiyasi rəqiblər dəstək olduğundan, bu Makronun addımlarının ardıcıllığını şübhə altına alır. Məqalə onun yanaşmasını tənqid edərək, onun Parisin “düşmən saydığı” ölkələrlə müttəfiq olan Ermənistana dəstək göstərməsini uyğunsuz hesab edir.
Nahid SALAYEV