Cənubi Qafqazda yeni gərginlik mərhələsi yaradılır - Azərbaycan xəbərdarlıq etdi...
Aydın Mirzəzadə: “Ermənistan rəhbərliyi və cəmiyyəti İlham Əliyevin fikirlərindən nəticə çıxarmalıdır”
“Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik”. Bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.
Ermənistanın faktiki olaraq bölgə üçün bir təhdid mənbəyi olduğuna diqqət çəkən dövlət başçısı qeyd edib ki, müstəqil Ermənistan dövləti, əslində faşist dövlətdir: “Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”.
“Ermənistan hələ də normal, sivil, beynəlxalq hüquq normaları ilə qonşu dövlətlərlə münasibət qura biləcək bir səviyyədə deyil”
Mövzu ilə bağlı fikir bildirən millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistan hələ də normal, sivil, beynəlxalq hüquq normaları ilə qonşu dövlətlərlə münasibət qura biləcək bir səviyyədə deyil: “Ermənistanın heç bir əsas olmadan silahlanması düzgün deyil. Azərbaycanla sərhəd məsələsində maraqlarımıza zidd olan təkliflərin irəli sürülməsi, vaxtaşırı verilən bəyanatlar onların ciddi qüsurlara malik olduğunu bir daha göstərir. Ölkə başçısı çox düzgün olaraq Ermənistanı faşist adlandırdı. Bu ölkə yarandığı dövrdən digər dövlətlərə nifrət, aqressiya bəsləmək onların həyat tərzi olub. Bu günlərdə Ermənistanın birinci prezidenti Ter-Petrosyanın azərbaycanlıların Ermənistandan qovulmasını fəxr, tarixi nailiyyət kimi səsləndirməsi onların necə bir dövlət olduğunu göstərir. Indinin özündə də Ermənistan qonşu dövlətlər üçün ciddi bir təhlükə mənbəyidir. Ermənistan özünün regiondakı roluna, fəaliyyətinə ciddi diqqət etməlidir. Qonşu dövlətlərlə münasibətini ciddi şəkildə təftiş etməlidir. Azərbaycanın xəbərdarlığına baxmayaraq onun silahlanması heç də xoş niyyətlərdən cavab vermir. Hesab edirəm ki, Ermənistan Azərbaycanın ona xoş, normal münasibət qurmaq təkliflərindən yararlanmalıdır. Sülh müqaviləsi imzalanmalıdır, sərhədlər açılmalıdır, Zəngəzur dəhlizi fəaliyyətə başlamalıdır. Onu da deyim ki, bu münasibətlər Ermənistan üçün yaşam məsələsidir. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri düzəltdikdən sonra onun iqtisadiyyatı dirçələcək, insanları daha yaxşı yaşayacaq. Ölkə başçısı açıq şəkildə Ermənistanın fəaliyyətinə qiymət verdi. Ermənistan rəhbərliyi və cəmiyyəti İlham Əliyevin fikirlərindən nəticə çıxarmalıdır”.
Günel CƏLİLOVA