Azərbaycanda elektrobus istehsalı başlanır...
“Bakı şəhərinin avtobus parkının elektrobuslarla əvəzlənməsi prosesi başlayıb”. Bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Prezident qeyd edib ki, artıq 150-dən çox yeni elektrobus gətirilib və eyni zamanda, bu il Azərbaycanda yerli elektrobus istehsalı da başlanacaq.
Vüqar Bayramov: “Elektrobusların ölkəmizdə istehsal olunması idxalın əvəzlənməsi və yerli istehsalın inkişafına səbəb olacaq”
Azərbaycanda elektrobus istehsalına başlamasının əhəmiyyəti haqqında danışan millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, elektrobusların ölkəmizdə istehsal olunması idxalın əvəzlənməsi və yerli istehsalın inkişafına səbəb olacaq: “Bu, yerli istehsalın inkişafı baxımından vacibdir. Vergi Məcəlləsində də bununla bağlı dəyişiklik olunub. Vergi Məcəlləsinə edilən dəyişiklik həm istehsalda güzəştlərin edilməsi, həm də idxalda da eyni qayda tətbiq olunacaq. Bu il Azərbaycanda yerli elektrobus istehsalına başlanması avtomobil parkının yenilənməsinə səbəb olacaq. Həmçinin, ictimai nəqliyyatda keyfiyyətin artırılması, yeni iş yerlərinin sayının artırılması baxımından da vacibdir. Bu yenilik nəqliyyat sektoru üçün ciddi bir layihə olmaqla yanaşı, həm də məşğulluğun təminatına, ictimai nəqliyyatda keyfiyyətin artırılmasına və idxalın əvəzlənməsinə pozitiv təsir göstərəcək”.
Fərid Həşimov: “Elektrik mühərrikli avtobusların Azərbaycanda istehsalını alqışlamaq lazımdır”
Nəqliyyat eksperti Fərid Həşimov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılması üçün elektrikli avtobusların istehsal olunması təqdirəlayiqdir: “Elektrobus günün reallığıdır. Bu cür avtobuslara ehtiyac var. Bu sahədə mövcud dövlət proqramına görə də ictimai nəqliyyatda avtobuslar ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri olmalıdır. Atmosferə karbon qazını buraxmamalıdır. Bu avtobusla həm də yanacağa qənaət edilir. Elektrik enerjisi yanacaqdan daha ucuzdur.
Son 3 ildə Azərbaycana elektromobillərin idxalı 16 dəfəyə qədər artıb. Elektrik mühərrikli avtobusların Azərbaycanda istehsalına gəlincə, bunu alqışlamaq lazımdır. Belə bir zavodun tikintisi müasir çağırışlara cavab verən ən mühüm bir addım olacaq. Təbii ki, biz bu zavodu yaradarkən onun məhsullarının yalnız daxili bazarın ehtiyaclarını ödəməsini deyil, ixrac edilməsini də nəzərdə tutmalıyıq. Nəzərə almaq lazımdır ki, bu məhsullara tələbat böyükdür”.
Günel CƏLİLOVA