Yeni xarici borclanma Azərbaycan üçün artıq təhlükə deyil - Prezident səbəbini də izah etdi...
Natiq Cəfərli: "Kredit verən beynəlxalq təşkilatlar, eyni zamanda, ölkəyə yeni texnologiyalar təqdim edir"
Bu günlərdə yerli televiziyalara geniş müsahibə verən Prezident İlham Əliyev xarici dövlət borcu məsələsinə də toxunub:
"Hesab edirəm ki, biz burada da dünyada liderlər sırasındayıq. Çünki bizim xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7.2 faizini təşkil edir. Müqayisə üçün deyə bilərəm ki, əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur və 7.2 faiz səviyyə doğrudan da çox böyük nəticədir. Məhz buna görə mən hesab edirəm ki, beynəlxalq reytinq agentlikləri Azərbaycana daha ədalətli mövqe nümayiş etdirməlidirlər. Əlbəttə ki, valyuta ehtiyatlarının xarici borcla müqayisəsi də önəmli amillərdən biridir. Burada da bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. Yəni, əgər kimsə mənə ikinci belə ölkə, - söhbət inkişaf etmiş ölkələrdən gedir, - göstərsə, əgər kimsə bu rəqəmlər toplusunu təqdim edə bilsə, mən əlbəttə ki, minnətdar ola bilərəm. Amma inkişaf etmiş ölkələr sırasında belə analoqlar yoxdur. Yəni, bütün bunlar deməyə əsas verir ki, iqtisadiyyat dayanıqlıdır, öz resurslarına söykənir, heç bir xarici maliyyələşməyə ehtiyac yoxdur. Halbuki biz indi xarici borcumuzu bir qədər artırmaq üçün də səylər göstərməyə başlamışıq. Müəyyən dərəcədə arta bilər, çünki bu, əhəmiyyətli dərəcədə azalıbdır. Mən hələ beş il bundan əvvəl, bizim xarici borcumuz ümumi daxili məhsulun təqribən 20 faizini, ona yaxın faizi təşkil edəndə qarşıya hədəf qoymuşdum ki, biz bunu 10 faizə endirməliyik. İndi 7.2 faizdir, yəni, xarici maliyyələşmə bizə nə verəcək? Nəzərə alsaq ki, ölkə qarşısında duran bir çox ciddi investisiya tələb edən məsələ var, bu, büdcə yükünü bir qədər azaldacaq. Ona görə, nəzərə alsaq ki, bizim xarici borcumuzun ödəmə qrafiki də təsbit edilib və bu gün 5.2 milyard dollara bərabər olan xarici borcumuz illər keçdikcə daha da azalacaq. Ona görə əlavə maliyyə resurslarının cəlb edilməsi məqsədəuyğun sayıla bilər və artıq hökumət bu istiqamətdə fəaliyyətə başlayıb. Mənim tərəfimdən müvafiq göstərişlər verilib".
Əslində bir neçə ay əvvəl hökumətin elan etdiyi daxili və xarici dövlət borcu xeyli böyük məbləğlə ifadə edilirdi. Belə ki, Maliyyə Nazirliyinin ötən il oktyabrın 1-nə olan məlumatına əsasən, Azərbaycanın ümumi dövlət borcu 26 milyard 201,4 milyon manat və yaxud 2024-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 21,6%-i qədər olub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,3% çoxdur.
Məlumata görə, borcun 9 milyard 8,5 milyon manatı və yaxud 5 milyard 299,1 milyon ABŞ dolları xarici, 17 milyard 192,9 milyon manatı isə daxili dövlət borcudur. Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 7,4 %-i və 14,2%-i qədərdir. Bir il əvvələ nisbətən xarici borc18,9% azalıb, daxili borc isə 2,8 dəfə artıb.
"Daxili dövlət borcunun kəskin artımı dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlilik əyrisinin formalaşdırılması və “Dövlət borcunun idarəedilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi ilə bağlıdır", - deyə nazirlik bəyan edib.
İqtisadçı ekspert Natiq Cəfərli baki-xeber.com-a açıqlamasında bildirib ki, dünyanın ən varli dövlətləri belə kredit götürürlər: "Məsələn, Çinin 3 trilyon dollar ehtiyat aktuvləti var, amma həmişə beynəlxalq maliyyə qurumlarından kredit götürür. Yəni beynəlxalq maliyyə qurumlarından kredit götürmək yalnız pul məsələsi deyil, həm də infrastruktur təchizatıdır, proqramların həyata keçirilməsidir, ölkəyə yeni texnologiyaların gətirilməsidir. Kredit verən beynəlxalq təşkilatlar, eyni zamanda, ölkəyə yeni texnologilyalar təqdim edir. Kredit götürməsək ya bu texnologiyalaradan imtina etməliyik, ya da onları digər inkişaf etmiş dövlətlərdən pulla almalıyıq. Kreditlərin götürülməsi həm də Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsidir. Məsələn, belə kreditlər Azərbaycanın Avropa İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Beynəlxalq Valyuta Fondu ilə əlaqələrini möhkəmləndirən bir amildir. Bir daha qeyd edirəm ki, bu, texniki təchizat və texnologiya təminatı üçün vacib amildir. Ona görə də belə kreditlərdən yararlanmaq olar.
Azərbaycanın xarici borcu hazırda ən aşağı səviyyələrdədir. Bu, dünyada ÜDM-ə nisbətdə ən yaxşı göstəricilərdən biridir. Dünya dövlətlərinin xarici börcunun UDM-in 60%-in keçməsi təhlükəli hədd, 80%-i keçmək çox təhlükəli hədd sayılır. Xarici borcların ÜDM-in 100%-nə çatması isə dövlətin müflis olma (deffolt) təhlükəsini yaradır. Amma hazırda dünya ölkələrinin bir çöxunda bu göstərici az qala 100% civarındadır. Bizdə bu çox aşağı səviyyədədir, əlavə kredit götürmək olar.
Amma problem ondadır ki, götürülən kreditin şəffaf və səmərəli xərclənməsi, onun geri dönüşü - əlavə dəyər yaratma problemi var. Bugünə qədər də kreditlər götürülür, amma bu kreditlər nə qədər əlavə dəyər yaradıb? Bu kreditlər hesabına nə qədər iş yeri açılıb, ölkə iqtisadiyyatına nə qədər töhfə verib? Bütün bunlarla bağlı hökumətin heç bir hesabatı yoxdur. Əsas problem budur".
Dəniz NƏSİRLİ