Ukraynaya belə münasibət Makronun son xəyanəti olacaq...
Elşad Musayev: “Bütün bunlar Makronun əsl simasını ortaya qoyur”
Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna Rusiya ilə danışıqlara başlamaq səyləri çərçivəsində ərazi məsələlərində realist mövqe nümayiş etdirməlidir.
Fransa səfirlərinin il üzrə strategiyalarını açıqlaması üçün keçirilən illik konfransda çıxış edən Makron öz şərhlərində ilk dəfə olaraq Kiyevə Rusiyanın zəbt etdiyi bütün əraziləri geri qaytarmaq istəyindən fərqli mövqe tutmağı təklif edib.
“Ukraynalılar ərazi məsələləri ilə bağlı real müzakirə aparmalıdırlar və bunu yalnız onlar edə bilər və avropalılar öz səlahiyyətləri daxilində təhlükəsizlik təminatlarının yaradılmasına ümid edirlər”, – deyə Makron bildirib. Üstəlik, Makron Ukraynaya kömək etmək üçün heç bir konkret yeni öhdəlik götürməyib.
Bununla, əslində Makron Ukraynanı işğal olunan əraziləri Rusiyaya güzəştə getməyə çağırıb. Bunun mənası budur. Ukraynada müharibənin qızışdırılmasında aparıcı rollardan birini Makron oynayıb, amma meydandan da siçan kimi özü qaçıb. O baxımdan bu, Makronun “etibarının”, “sədaqətinin” göstəricisidir. Onun xəyanətkarlığının bir ifadəsidir. Makronun etibarlı bir müttəfiq olmamasının bir əlamətidir ki, əvvəl qızışdırdı, indi də Ukrayna hakimiyyətini əraziləri güzəştə getməyə çağırır. Deyir torpağı güzəştə gedin, ondan sonra təhlükəsizliyinizə zəmanət verəcəyik. Ərazi mübahisələri məsələsini isə özünüz həll edəcəksiniz.
“Fransa Ukraynanı qurban verməkdən ötrü nəyə desən gedəcək”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Böyük Azərbaycan Partiyasının sədri, millət vəkili Elşad Musayev hesab edir ki, siyasətdə bir görünən tərəf var, bir də görünməyən tərəf: “O baxımdan ayrı-ayrı liderlərin nə dediyinə yox, əməllərinə fikir vermək lazımdır. O üzdən, Makronun indi əvvəlki dövrdən fərqli mövqe nümayiş etdirməsində qeyri-adi heç nə yoxdur. Onsuz da son dövrlər məlum oldu ki, Fransa siyasi rəhbərliyi ilə Rusiya siyasi rəhbərliyi arasında gizli danışıqlar gedir. Nəzərə almaq lazımdır ki, Fransa ilə Rusiya arasında xüsusi yaxın siyasi münasibətlər olub və bu, bu gün də davam edir. Fransa Ukrayna müharibəsinə görə Rusiyanı üzdə qınasa da, əslində pərdəarxası münasibətlər başqadır. Üstəlik, nə sirdirsə, Fransanın çıxdığı Afrika ölkələrinə Rusiya nüfuz edir. İndiki halda Makron və başqaları da bu müharibədən birtəhər canlarını qurtarmaq istəyirlər. Məlum olduğu kimi, Avropa İttifaqının əsas aparıcı ölkələri Fransa və Almaniyadır. Bu ölkələr hesab edir ki, müharibəni onlara sırıyan Birləşmiş Ştatlardır. Ona görə də birtəhər bundan çıxmaq lazımdır. Xüsusən də Fransa Ukraynanı qurban verməkdən ötrü nəyə desən gedəcək. Çünki Makronun niyyəti açıq-aşkar ortadadır. Bu həmin Makrondur ki, Ukraynanın xəbəri olmadan bir neçə dəfə Rusiya ilə danışıqlar təklif edib. Bu günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrov bunu açıq bəyan etdi. Bütün bunlar Makronun əsl simasını ortaya qoyur. Fransa üçün Ukraynanın ərazi bütövlüyü əsas deyil. Makron üçün əsas olan ərazi güzəştləri hesabına müharibənin dayanmasıdır. Çünki müharibə iqtisadi baxımdan Avroittifaqa baha başa gəlir”.
Vidadi ORDAHALLI