Avropa dəyərləri korrupsiyaya qurban edilir...
Mətləb Salahov: “Son bir neçə ildə Avropa Komissiyasının adı siyasətdən daha çox korrupsiya faktları ilə hallanır”
Məlum olduğu kimi, Belçikada Lyej məhkəməsi, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin 35 milyard avrodan çox dəyərində COVID-19 peyvəndlərinin satın alınmasında aşkarlanan korrupsiya işində qanuni toxunulmazlığının olub-olmadığını aydınlaşdrımaq üçün dinləmə keçirib. Avropa Prokurorluğu iddia edir ki, klinik sınaqdan keçməmiş COVID-19 vaksinlərinin satın alınmasında aşkarlanan korrupsiya ittihamı üçün yetərli dəlildir. Ali Avropa qurumunun rəhbərinə qarşı zaman-zaman korrupsiya faktlarının gündəmə gətirilməsi, daima demokratiya və Avropa dəyərlərindən dəm vuran, lakin əsl həqiqətdə ikili siyasi standartlar yürüdən bu təşkilatın “papağının altındakı” real vəziyyəti açıqca ortaya qoyur. Jurnalist-ekspert Mətləb Salahov “Bakı-xəbər”ə açıqlamasında bildirib ki, Avropa qurumları sifarişli siyasi qərarlar qəbul etməklə, lobbi və diasporaların güclü maliyyə səxavəti ilə qərarlar qəbul etməklə öz gündəliklərini müəyyən edirlər.
“Baxın, artıq neçə on illiklərdir ki, Avropa strikturlarında, xüsusilə Avropa Parlamentində sifarişli qərarlar üçün alınan rüşvət qalmaqalları ara vermir. Avroparlamentdəki ən müxtəlif qruplar bir birini digər ölkələrin maraqlarına lobbiçilik etməkdə ittiham edirlər. Əlbəttdə külli miqdarda pul müqabilində!
Əksər fransız siyasətçilərin özləri də etiraf edirlər ki, Avropa İttifaqı dünyada ən çox korrupsiyaya uğrayan maşındır. Yəqin hər kəsin yaxşı yadındadır ki, hələ ötən ilin aperlində Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo Avropa Komissiyasının sədrini korrupsiya sxemi yaratmaqda, dələduzluqda ittiham edib. Görünən odur ki, Avropa Komissiyası mahiyyət etibarilə korrupsiyaya uğramış bir sistemdir. Çünki böyük məbləğdə vəsait alır, genişmiqyaslı səlahiyyətlərə malikdir. Ona görə də fransalı partiya sədri ədalətin bərqərar olmasına, ölkəsinin Avropa İttifaqından (Aİ) çıxmasına çağırış edib.
İlk növbədə bizim özümüzə yaxşı məlumdur ki, bu “demokrat” cənablar bütün zamanlarda erməni lobbisinin əsas siyasi “müştəriləri” sayılırlar. Məgər Avropa strukturlarında Azərbaycan əleyhinə qəbul edilmiş yüzlərlə haqsız qətnamələr və qərarlar məhz xristian ermənilərə can yandırmaq üçün qəbul edilib? Qətiyyən! Onlar pulsuz-parasız öz ölkələri üçün bircə ədalətli qərar çıxarmazlar. Onların ermənipərəstliyi erməni diasporundan aldıqları çoxlu avro və dollarlara görədir. Bu gün artıq istənilən sadə avropalıya da aydındır ki, bir çox regional məsələlər Avropa Parlamentinin gündəliyinə yalnız müəyyən lobbi qruplarının təsiri və maddi resurslarının təzyiqi ilə çıxarılır. Yuxarıda da qeyd etdiyim kimi, Avropa arenasında ermənipərəst dairələrin təsir gücü açıq-aşkar görünür. Rəsmi İrəvanın maraqlarını təmin etmək məqsədilə həyata keçirilən korrupsiya sxemləri, gizli razılaşmalar və maliyyə dəstəyi kimi faktlar bir çox hallarda ictimaiyyətə açıqlanmasa da, reallığı duymaq o qədər də çətin deyil. Bu isə o deməkdir ki, Avropa Parlamentinin ədalətli və şəffaf qərarlar qəbul etməsinə inanmaq gülünclük və siyasi sadəlövhlükdür.
Xüsusilə Ermənistanın maraqlarını müdafiə edən və bunun üçün böyük məbləğlər sərf edən qüvvələr Avropa siyasətinin obyektivliyinə böyük zərbə vurur. Əsasən də erməni diasporunun dollar “yağışına” tutduğu avropalı siyasətçilər, bununla əsl mahiyyətlərinin boşboğazcasına avam kütləyə təlqin etdikləri kimi, demokratiya və ədalət olmadıqlarını da ortaya qoyurlar. “Mahiyyətimiz bu, məqsədimiz bu” deyirlər. Görünür ki, Avropada demokratiya və insan hüquqları kimi dəyərlər bu gün yerini korrupsiya və ikili standartlara qurban verib. Avropa Parlamenti bu gün öz fəaliyyətində ciddi islahatlar aparmalı və tərəfkeş mövqeləri aradan qaldıraraq ədalətə, şəffaflığa və obyektivliyə əsaslanan siyasət yürütməlidir. Əks halda, qurum təkcə öz vətəndaşlarının deyil, bütün beynəlxalq ictimaiyyətin gözündə etibarlılığını itirmək təhlükəsi ilə üz-üzə qalacaq.”
Namiq Quliyev