"Kreditlərin faizi yuxarıdır, onu qaytarmaq çətindir" - Deputat
Bu gün vətəndaşların orta və kiçik sahibkarlıqla məşğul olması üçün ala biləcəyi kreditlərin faizi yuxarıdır. 14 faiz kreditlə vətəndaşın təsərrüfatla, yaxud bizneslə məşğul olması və bu pulun qaytarılması çox çətindir.
Trend-in xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Banklar haqqında” qanunun müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
O qeyd edib ki, birinci məsələ burada bankların faiz dərəcəsinin aşağı salınması olmalıdır.
“Düzdür, bizdə güzəştli kreditlər var ki, kənd təsərrüfatına və ayrı-ayrı sahələrə 3-7 faiz arasında verilir. Amma digər vətəndaşlara da şərait yaradılmalıdır ki, insanlar gəlir əldə etsin, kiçik və orta sahibkarlıq inkişaf etsin, rayonlarda iş yerləri açılsın”, - deyə o əlavə edib.
Deputat bildirib ki, bu gün bankaların xarici banklarla əməkdaşlığı sıfır dərəcəsindədir.
“Puldəyişmə məntəqələrinin sayı da artırılmalıdır. Bunlar şənbə, bazar və bayram günləri işləməlidir. Hamısı bankların içində yerləşir. Əks halda, vətəndaş da məcbur qalır ki, Bakıda 1-2 yerdə bu məntəqəni axtarsın”, - deyə S.Novruzov vurğulayıb.