"Ermənilər Qarabağdakı alban kilsələrini saxtalaşdırıblar" - Robert Mobili
Bizim ətraf mühit müsəlman mühitidir. Onların içərisində bizlər, digər dini etiqad nümayəndələri mehriban formada yaşayır. Bu, tolerantlıqdır.
Trend xəbər verir ki, bunu Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev siyasəti: tolerantlıq" mövzusunda konfransda deyib.
"Biz bu birgəliyin 44 günlük Vətən Müharibəsi zamanı bir daha şahidi olduq", - o deyib.
"Ermənilər Qarabağdakı mədəni irsin guya erməni mədəni irsi olması, oradakı alban kilsəsinin erməni kilsəsi olmasını və Azərbaycanın onları zəbt eləməsini iddia edirlər. O mədəni irs alban mədəni irsidir. Bu, danılmaz faktdır. Oradakı məbədlər, mədəni irs, alban kilsələri saxtalaşdırılıb. Həmin abidələrdə vandalizm halları açıq-aşkar görünür", - R.Mobili əlavə edib.
"Mən inanıram ki, yaxın zamanda Qarabağda səhərlər azan səsi olacaq, günorta isə kilsənin səsi eşidiləcək. Bu Azərbaycanda yaşayan bütün millətlərin istəyidir, arzusudur", - o vurğulayıb.