Əliyevin "Avroittifaqa üzvlük" bəyanatı - Şərq Tərəfdaşlığında qalmağa dəyərmi?..
Əli Mustafa: “Görünür, bu şərhlər hamısı Azərbaycanın Avropa İttifaqına münasibətini şərtləndirir”
Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumundakı çıxışı zamanı ölkə başçısı Aİ ilə münasibətlərin perspektivinə aydınlıq gətirib:
“Gürcüstanın Aİ-yə üzv olmaq istəyi ilə bağlı onu deyə bilərəm ki, biz bunu başa düşürük və Gürcüstana uğurlar arzulayırıq. Gürcü dostlarımızı bu yeni hadisələr və əldə etdikləri status münasibətilə təbrik edirik. Başa düşürük ki, əlbəttə, bu bir prosesdir. Bəzi ölkələrin uzun illər gözlədiyini bilirik. Mən Türkiyənin adını çəkmək istəmirəm. Çünki Türkiyənin uzun illər namizəd olmasına baxmayaraq, onu Avropadan uzaq tutmaq qətiyyən qəbuledilməz və ədalətsiz yanaşma idi. Həmçinin Balkan regionuna baxsanız görərsiniz ki, ölkələr hələ də gözləməli olurlar. Avropaya gedən yolda müzakirələrlə bağlı indiki vəziyyəti gördüyüm qədər genişlənmə ilə bağlı konsensus yoxdur, amma hər halda bu, mənim müşahidəmdir, hər bir halda uğurlar arzulayıram. Gürcüstan Aİ-yə üzv olduqda əminəm ki, bizim münasibətlərimizdə, eləcə də enerji əməkdaşlığı ilə bağlı heç nə dəyişməyəcək. Çünki siz bilirsiniz ki, Avropa bizim enerji ehtiyatlarımızın əsas istiqamətidir, istər neft, istərsə də qaz olsun. Avropa Enerji Komissiyası Azərbaycanı artıq ümumavropa qaz tədarükçüsü adlandırıb, bu doğrudur. Deməli, artıq bir çox ölkələr bizim qazımızı alır. Onların əksəriyyəti Avropa ölkələridir və digərləri da alacaq. Çünki biz indi nəinki danışıqlar prosesindəyik, həm də Avropa ölkələri arasında fiziki əlaqələr qurur və bəziləri ilə danışıqlar aparırıq, ona görə də heç nə dəyişməyəcək. Düşünürəm ki, Azərbaycanın xarici siyasət konsepsiyasında çox praqmatik səbəblərə görə Aİ-yə üzv olmaq hədəfi yoxdur, çünki bizi heç vaxt qəbul etməyəcəklər. Səbəb də çox aydındır və biz bunu başa düşürük”.
Prezidentin Aİ-yə üzvlüklə bağlı məsələyə açıq yanaşmasından hansı nəticə ortaya çıxa bilər?
Müstəqil siyasətçi Əli Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Avropa İttifaqı 1992 - ci ildə Maastrixt müqaviləsi ilə yaradılıb: “Ondan sonra Avropanın əksər ölkəsini, xüsusilə Qərbi və Şərqi Avropa ölkələrini əhatə edərək böyüyüb. 27 dövləti öz ətrafında birləşdirir, daha çox iqtisadi birlik kimi fəaliyyət göstərir. Amma getdikcə biz onun artan gücünü, əhatəsini də müşahidə edirik. Avropa İttifaqı, hətta konfederal dövlət kimi də fəaliyyət göstərir. O həm dövlətlərarası, həm də dövlət üstü bir qurum statusunu daşıyır. Bu qurum Şərqi Avropa ölkələrini, keçmiş sovet respublikalarını da öz siyasi coğrafiyasına daxil edib. Söhbət keçmiş SSRİ - nin Avropa hissəsində olan dövlətlərindən gedir. Buraya Baltikyanı ölkələr, Moldova, Ukrayna, Belarus, Gürcüstan, Azərbaycan və Ermənistan daxildir. Yəni Cənubi və Güney Qafqaz ölkələrini də Avropa özünə yaxın bilir. Ancaq bir gerçəklik də var ki, keçmiş sovet respublikalarından hansı Avropa İttifaqına yaxınlaşırsa, o dərhal Rusiyanın narazılığı, qıcığı ilə üzləşir. Ukraynanın başına gələnləri, Gürcüstanda baş verənləri nümunə göstərə bilərik. Digər tərəfdən, Avropa İttifaqında özünəməxsus ənənə də var. Düzdür, o bəyan edir ki, Avropa qitəsində yerləşən demokratik inkişaf istiqaməti seçən dövlətləri əhatə edir. Ancaq biz bilirik ki, Türkiyə uzun illərdir Avropa İttifaqının qapısını döysə də, müxtəlif bəhanələrlə əngəllənir. Belə bir təəssurat yaranır ki, Avropa İttifaqı daha çox xristian qurumudur. Müsəlman ölkələrinin ora üzv olması gerçək görünmür. Avropa İttifaqının son vaxtlarda Güney Qafqazdakı siyasəti onu göstərir ki, daha çox gürcülərə və ermənilərə dəstək verir. Həmçinin, Azərbaycan-Ermənistan münaqişəsində biz onu daha çox ermənipərəst mövqedə müşahidə etdik. Düzdür, burada Fransanın aşırı dəstəyi də vardı. Amma Avropa İttifaqının da mövqeyi gözdən qaçmırdı. Avropa İttifaqının digər tələbləri də var. Üzv olan dövlətlər bu ittifaqın standartlarına uyğun iqtisadiyyatlarını qurmalıdır. Demokratikləşmə indeksi qalxmalıdır, insan haqlarına hörmət edilməlidir. Görünür, bu şərhlər hamısı Azərbaycanın Avropa İttifaqına münasibətini şərtləndirir”.
Məhəmmədəli QƏRİBLİ