Bakıda həbsdə saxlananlar Paşinyanın müxalifləri, ya hərbi canilərdir?..
Tural İsmayılov: “Bakıda həbsdə olan məlum şəxslər Azərbaycan xalqına qarşı cinayət törədiblər”
“Bu gün Paşinyanın siyasi opponentləri Bakıda həbsdədir. Hər kəs özünə düşmən seçir. Artsax hakimiyyəti hərəkət etməlidir, Artsax xalqının səlahiyyətli nümayəndəsi olmalıdır”. Bunu “Ermənistan” fraksiyasının üzvü Artur Xaçatryan bildirib.
Onun sözlərinə görə, böyük kütlə “Artsax səhifəsinin” bağlanmadığına inanır: “Hamı yaxşı bilir ki, Arayik Arutyunyanı heç kim istefaya məcbur etməyib. Yeni prezident Arayik Arutyunyanın partiyasının üzvü idi və onların fraksiyaları böyük idi. Düşünürəm ki, nə vaxtsa hakimiyyət dəyişikliyinin necə baş verdiyi bəlli olacaq. Arayik Arutyunyan bu gün Azərbaycanda həbsdədir, çünki o, indiki hakimiyyətin eşitmək istədiyindən çox şey bilir. Bu, digər prezidentlərə də aiddir. “Bu gün Paşinyanın siyasi opponentləri Azərbaycanda həbsdədir və bu, Azərbaycan və Ermənistan hakimiyyətləri arasında razılaşmanın nəticəsidir”.
Maraqlıdır, Bakıda həbsdə saxlananlar Paşinyanın müxalifləridir, ya Azərbaycan xalqına qarşı cinayət törətmiş canilər?
“Separatçıların Bakıda verəcəyi ifadələr erməni siyasi müxaliflərini ciddi formada narahat edir”
Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün separatçıların bir çoxu Azərbaycan qanunları qarşısında cavab verir. Bu belə də olmalıdır. Separatçıların dırnaqarası rəhbərləri olan Bako Saakyan və Arkadi Qukasyanla Paşinyanın ulduzu heç vaxt barışmayıb. Hər zaman bir-birinin əleyhinə fəaliyyət göstərməklə məşğul olublar. Bu səbəbdən də istisna etmirəm ki, onların həbs olunma məsələsi ilə bağlı siyasi şou düzəltməyə çalışan Ermənistandakı revanşist müxaliflər sakit dayansın. Onların Azərbaycan əleyhinə təbliğatları davam edəcək. Ən azından separatçıların Bakıda verəcəyi ifadələr erməni siyasi müxaliflərini ciddi formada narahat edir. Onlar qorxur ki, Bakıda həbsdə saxlanılanlar Azərbaycan istintaqına Ermənistandakı siyasətçilər haqqında da məlumat verə bilər”.
Həmsöhbətimiz xüsusi olaraq vurğuladı ki, Bakıda həbsdə olan məlum şəxslər Azərbaycan xalqına qarşı cinayət törədiblər.
Günel CƏLİLOVA