"Azərbaycanda keçiriləcək COP29 konfransında iqlim sahəsində uzunmüddətli maliyyələşdirmə üzrə irəliləyiş gözləyirik" - Seneqal nümayəndəsi
Azərbaycanda keçiriləcək COP29 konfransında iqlim sahəsində uzunmüddətli maliyyələşdirmə üzrə irəliləyiş gözləyirik. Trend xəbər verir ki, bunu Seneqalın "Yaşıllar" partiyasının prezidenti Baye Salla Mar jurnalistlərə Dubayda (BƏƏ) keçirilən COP28 konfransının kuluarlarında deyib.
"Birləşmiş Ərəb Əmirliklərinə COP28 konfransının uğurla təşkil olunmasına görə minnətdarlığımızı bildiririk. İtki və Zərər Fonduna çıxılmalar planında böyük irəliləyişlər var. Azərbaycanı COP29 konfransına ev sahibliyi edəcəyi münasibətilə təbrik edirik. Logistika problemlərinin həll olunacağına və iqlim sahəsində uzunmüddətli maliyyələşdirmədə mühüm irəliləyişin qeydə alınacağına ümid edirik", - o deyib.
Qeyd edək ki, dekabrın 11-də Dubayda keçirilən COP28 konfransı çərçivəsində COP29 konfransının Azərbaycanda keçiriləcəyi barədə qərar rəsmi şəkildə elan olunub. COP29 2024-cü ilin noyabr ayında keçiriləcək.
Şərqi Avropa regional qrupu 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasını (COP29) keçirmək üçün Azərbaycanı seçib.
Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliyini irəli sürmüşdü. Lakin 7 dekabr 2023-cü ildə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında birbaşa danışıqlardan sonra Ermənistan Azərbaycanı dəstəkləyərək öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da eyni addımı atıb.