Ziyarətə gedən onlarla sayda zəvvarımızın başına bu oyunları açdılar - onların suçu nə?..
Tural İrfan: “Bu məsələni birmənalı dövlət qurumu ələ almalıdır”
Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadıldıqlarını iddia edir.
Avqustun 11-i günorta saat 14:20-də İraqa uçmalı olan zəvvarlar onlara saxta bilet verildiyini son anda hava limanında biliblər.
Qeydiyyat üçün yaxınlaşdıqda məlum olub ki, onların biletlərinin nömrəsi yoxdur.
Bir çoxu şəhid ailəsi olan zəvvarlar ziyarət üçün 750 manat pul ödəyiblər. Aylardır ki, ziyarəti gözləyən insanlar bütün günü hava limanında cavab gözləyiblər. Həcc ziyarəti ilə bağlı belə hadisələr hər il baş verir. Görünən budur ki, zəvvarlar bir ətək pul verirlər, hər il də müxtəlif fırıldaqlar üzə çıxır. Əslində bu ziyarəti təşkil edən QMİ-dirsə, burada onların məsuliyyət payı nə qədərdir?
İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bizim ölkəmizdə dini ziyarətlər düzgün tənzimlənməyib. Həcc ziyarətlərinin qiymətləri də daxil olmaqla digər məsələlər də əhalinin narazılığı ilə qarşılanır: “Bir növ dinə və dini ziyarətlərə cəmiyyətdə bir ikrah hissi var. Bu ikrah hissini də yaradan ziyarətləri təşkil edən Qafqaz Müsəlmanları İdarəsidir. Onlar bu məsələlərdə ancaq öz mənfəətlərini güdürlər. Ona görə də davamlı olaraq belə hallar baş verir. Əsasən də Məşhəd, Kərbəla ziyarətləri pərdəarxası İranın Azərbaycanda fəaliyyət göstərən nümayəndəsi Ocaq Necatın bilavasitə nəzarətində olub. Onlar əhalini həmin yerlərə göndərib, ziyarət adı ilə onların əqidəsini dəyişiblər. İndi də belə dələduzluq halları mütəmadi şəkildə baş verir. Çoxu abır edir, üzə çıxartmır, gizlədir. Ancaq bizə həmısı məlumdur. O şirkətə dırnaqarası rəhbərlik edənlər, Kərbəla, Məşhəd turlarını təşkil edənlərin icazəsini, təşkilatşılığını Qafqaz Müsəlmanları İdarəsi öz üzərinə götürüb. Mütəmadi şəkildə aldadılma halları da baş verir təbii ki. Bu, Qafqaz Müsəlmanları İdarəsinin manapoliyası və köklü bir biznesidir. Buna ziyarət demək düzgün deyil. Onların bir neçə biznes sahələri var. Nəzir bisnesi var ki, dini qurumlarla işləyən dövlət komitəsi ona müdaxilə edə bilmədi. Ziyarət biznesi, deyə bilərik ki, o da böyük mafiyadır və böyük məbləğdə pullar var ortada. İranla şəriklikləri də var. Digər bir biznes də yas biznesidir. Mərasim, ehsan zalları tikilir, qurulur. Konkret olaraq din adı altında alver gedir. Burda əqidədən, mənəvi dəyərlərdən söhbət gedə bilməz. Ziyarətlərdə siyasi təlqinlərin də getdiyinin şahidi oluruq. Belə hallar da təxribatlara gətirib çıxarır. Çox vaxt insanlarda maraq yaratmaq üçün həmin ziyarətlərə müəyyən güzəştlər edirlər. Mən hesab edirəm ki, bu ziyarətlərlə bağlı ölkədə şirkət yaradılmalıdır. Bu da dini qurumlar üzrə dövlət komitəsinin nəzarətində olmalıdır. Bu ziyarətlərə normal, stabil şəkildə adamları aparıb - gətirmək lazımdır. Yəni elə adamlar var ki, aparırlar, orada təsir altına düşür, gəlir. Ziyarətə gedən adamlar ələkdən keçirilib sonra göndərilməlidir. Qafqaz Müsəlmanları İdarəsinə pul lazımdır. Elə adamlar var ki, mütəmadi olaraq iki üç aydan bir ora başqa məqsədlərlə gedirlər. Ölkədə də bu qədər xarici agentin yaranması bu vasitə ilə baş verir. Ona görə də, mən hesab edirəm ki, ziyarət məsələsi Qafqaz Müsəlmanları İdarəsindən alınmalıdır. Mən bildiyimə görə, Səüdiyyə Ərəbistanı tərəfindən pulsuz Həcc ziyatinə getməyə görə kvotalara ayrılır. Bunu da Qafqaz Müsəlmanları İdarəsi satır, öz adamlarına göndərirlər. Eyni zamanda məmur qohumlarına verirlər o yerləri. Hazırda ölkədə ikili dini fəaliyyət gedir. Qafqaz Müsəlmanları İdarəsi Dini Komitəyə imkan vermir ki, fəaliyyət göstərsin, normal tənzimləmə aparsın. Bu idarə ölkəyə ziyan vurur. Birbaşa islahatlar aparılmalıdır. Ortaya çıxan digər məsələ də ziyarətçilərin, şəhid analarının aldadılmasıdır. Bileti satıb insanları aldadanları Qafqaz Müsəlmanları İdarəsi bu işə qoşub. Açıq-aydın bəllidir. Mən hesab edirəm ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi dini məsələlərin hamısını ələ almalıdır. Yarısının onda, yarısının Qafqaz Müsəlmanları İdairəsində olması sünni - şiə məsələsi kimi bir şeydir. İki bir - birinə rəqib idarənin bir ölkədə fəaliyyət göstərməsi qeyri - mümkündür. Ona görə bu məsələni birmənalı dövlət qurumu ələ almalıdır. Heç kim qanun qarşısında at oynada bilməz”.
Məhəmmədəli QƏRİBLİ