Sübh namazında məktəb binasına zərbə İsrailə qarşı geniş "lənət dalğası" yaratdı...
Yeganə Hacıyeva: “Bütün bunlara baxmayaraq, atılan cavab addımları nəticəsində bu sayda mülki insanların qətlə yetirilməsi yolverilməzdir”
İsrail ordusu səhər namazı vaxtında Qəzza zolağındakı məktəbə zərbə endirib. Bu barədə məlumat teleqram kanallarında yayılıb. Məlumatda bildirilir ki, zərbə nəticəsində 100-dən çox insan ölüb, onlarla şəxs yaralanıb. İsrail ordusu binanın HƏMAS-ın qərargahı olduğunu bildirir.
Qeyd edək ki, yayılan bu məlumat sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İnsanların yazdığı şərhlərdə İsrail bu əməlinə görə sözün əsl mənasında lənətlənir. İnsanların İsrailə qarşı bu cür aqressiv reaksiyası nə dərəcədə əsaslıdır?
Siyasi şərhçi Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hər bir ölkənin öz suveren ərazisini qorumaq haqqı var: “Bu haqqı BMT Təhlükəsizlik Şurası hamıya tanıyıb. Bəzən ölkələr öz sərhədlərini aşan təhlükəsizlik tədbirləri həyata keçirməli olurlar. Ən yeni tariximizdə biz belə hallarla çox rastlaşırıq. Bəzi ölkələr öz sərhədlərinin perimetri boyu təhlükəsizlik tədbirləri görmək üçün bufer zonalar yaratmış olurlar. İsrail-Fələstin konfliktinin tarixi uzağa gedir. Bu dönəmdə müxtəlif eskalasiya və sakitləşmə meylləri olub. Bəzən İsrail hücumlara məruz qalıb, bəzən isə bu ölkənin də atdığı addımlar sual doğurub. Xüsusilə də mülki insanlara qarşı edilən bu tip hərəkətlər yolverilməzdir. Ancaq bəzən elə olur ki, HƏMAS mülki insanları özlərinə sipər edir. Bunu BMT baş katibi Quterreş də dedi ki, HƏMAS mülki insanların arxasında gizlənərək, İsrailə zərbələr endirir. Bütün bunlara baxmayaraq, atılan cavab addımları nəticəsində bu sayda mülki insanın qətlə yetirilməsi yolverilməzdir. Müasir dönəmdə belə halların olmaması vacibdir. Ancaq gərək HƏMAS da bunun doğura biləcəyi nəticələri əvvəlcədən proünozlaşdırsın. Kiçik uşaqların öldürüldüyü ilə bağlı hadisəyə vətəndaşların verdiyi etiraz reaksiyasını da təbii saymaq olar. Çünki sadə insanlar məsələnin siyasi tərəfindən daha çox, insani adpektinə diqqət edirlər”.
Qeyd edək ki, İsrail hərbçiləri bildirir ki, avqustun 10-da səhər saatlarında Qəzza zolağında Əl-Tabain məktəb kompleksinə endirdiyi zərbələr zamanı Fələstinin HƏMAS və "İslami Cihad" qruplaşmalarının bölmə komandirlərini zərərsizləşdirib.
Bunu İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin nümayəndəsi Anna Ukolova bildirib.
Onun sözlərinə görə, hazırda zərərsizləşdirilmiş 19 nəfərin şəxsiyyəti müəyyənləşib.
A.Ukolova qeyd edib ki, kəşfiyyat məlumatlarına görə, qruplaşma məktəb binasından İsrailə qarşı terror aktlarının planlaşdırılması və həyata keçirilməsi üçün əməliyyat mərkəzi kimi istifadə edib. O əlavə edib ki, mülki və humanitar hədəfləri vurmaq onların (HƏMAS) məlum strategiyasıdır və Qəzza sakinlərinin risqə atılması barədə çoxsaylı faktlar var:
"Zərbə terrorçuların orada olması barədə dəqiq kəşfiyyat məlumatı alındıqdan sonra həyata keçirilib".
Məhəmmədəli QƏRİBLİ