ABŞ-ın Ermənistana “böyük dəstək planı” açılır - regionda müharibə təhlükəsi...
İbrahim Rüstəmli: “Son vaxtlar Qərbin Ermənistana dəstək yönündə artan fəallığı regiona sabitlik vəd etmir”
ABŞ Rusiya Ermənistana təzyiq göstərəcəyi və ya embarqo tətbiq edəcəyi təqdirdə Ermənistanı tam dəstəkləmək öhdəliyi götürüb. Xarici mətbuatın yazdığına görə, ABŞ Ermənistan ordusunu hərbi texnika, uniforma və sursatla təmin edəcək, ölkənin təhlükəsizlik orqanlarına, o cümlədən polisə texniki dəstək verəcək.
Bundan əlavə, qeyd edilir ki, Vaşinqton Ermənistana dizel yanacağı və enerji resursları, həmçinin “Metsamor” AES üçün nüvə yanacağının tədarükünü təmin edəcək. ABŞ, həmçinin bu atom elektrik stansiyasının idarə edilməsi və istismarı üçün texniki dəstək verməyə hazırdır. O da qeyd edilir ki, lazım gələrsə, Amerikanın peyk interneti erməni internet provayderlərinin ixtiyarında olacaq. ABŞ maliyyə sektorunda da Ermənistana kömək etməyə hazırdır. Belə ki, əgər ölkə Rusiya Federasiyasının mümkün sanksiyaları nəticəsində xarici valyuta çatışmazlığı ilə üzləşərsə, ABŞ Ermənistana yardım edəcək. Bildirilir ki, ABŞ Ermənistana buğda tədarük etməyə də hazırdır. Ermənistan hazırda Rusiyadan buğda idxal edir.
“Hesab edirəm ki, Rusiya sonsuza qədər Paşinyan hakimiyyətinin şıltaqlıqlarına dözməyəcək”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən hərbi ekspert İbrahim Rüstəmli hesab edir ki, yazılanlar doğrudursa, o zaman Ermənistan daha da aqressiv mövqe sərgiləyəcək: “Çünki bu, erməni xislətinə xas olan bir xüsusiyyətdir. Hansısa böyük dövlət onları himayə edirsə, istənilən fintəkarlığa əl atırlar. Tarixdə bunun çoxsaylı örnəkləri var. Elə məhz bu himayədarlığın nəticəsi idi ki, ermənilər Osmanlı İmperiyasına xəyanət edib ona arxadan xəncər vurdular. Son vaxtlar Qərbin Ermənistana dəstək yönündə artan fəallığı regiona sabitlik vəd etmir. Bu mənada ABŞ-ın göstərdiyi fəallıq təəssüf doğurur. Birləşmiş Ştatlar üçün 3 milyon əhalisi olan Ermənistanı təchiz etmək elə də çətin deyil. Ancaq Birləşmiş Ştatlar bunu necə edəcək? Ermənistanın açıq dənizə çıxışı yoxdur. Gürcüstana çox ümid bəsləyirlərsə, nəzərə almaq lazımdır ki, ordakı hakimiyyətin Rusiya ilə müəyyən yaxınlığı var. Hesab edirəm ki, Rusiya sonsuza qədər Paşinyan hakimiyyətinin şıltaqlıqlarına dözməyəcək. Fikrimcə, zərurət yaranarsa, Rusiya Ermənistanı Ukraynadan pis günə qoyacaq. Ona görə də Vaşinqton çox təhlükəli gedişlər edir. Nəzərə almalıdılar ki, Ermənistanın silahlandırılması regionda enerji və nəqliyyat layihələrinə də təhdid yaradır. Bu isə Avropa İttifaqının maraqlarına zərbə vurur. Ermənistana istənilən yardım regiondakı sabitliyə təhlükə yaradır. Görünən odur ki, ABŞ-dakı müəyyən dairələr Ermənistandan maşa kimi istifadə etməkdə qərarlıdılar. Xüsusən də Rusiyanı Ermənistandan çıxarmaq üçün bütün vasitələri dövriyyəyə buraxmağa hazır görünürlər”.
Vidadi ORDAHALLI