Şahramanyan Xankəndidə cinayət törətmiş məmur "dostlarını" "baqaja qoyur"...
Elşad Həsənov: “Ermənistan dövləti 92-ci ildən sonra hər il Qarabağa külli miqdarda pul ayırırdı”
Hazırda Ermənistanda olan keçmiş qondarma rejimin “lideri” Samvel Şahramanyan Ermənistanın baş prokuroru Anna Vardapetyana məktub yazıb. Sözügedən məktubun prokurorluq tərəfindən Ermənistan Milli Təhlükəsizlik Xidmətinə göndərildiyi bildirilir.
Şahramanyan məktubda qondarma rejimin bəzi “rəsmilərinin” törətdiyi əməllərin cinayət hesabatı kimi qəbul olunmasını xahiş edib.
O bildirib ki, “artsaxın hakimiyyət orqanları” “məmurlar” tərəfindən törədilən mümkün sui-istifadə hallarının aşkar edilməsində və təqsirkarların məsuliyyətə cəlb olunmasında maraqlıdır.
İrəvanda 44 günlük müharibəni araşdıran istintaq komissiyası S.Şahramanyanın Vətən müharibəsi və antiterror əməliyyatları ilə bağlı dindirilməsi üçün ona dəvət məktubu göndərib. Şahramaniyan keçmiş silahdaşlarını “satmağa” niyə belə maraq göstərir?
Siyasi şərhçi Elşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son günlər Şahramanyanın təhlükəsizlik orqanlarında istintaqa çağrılması haqqında Ermənistan mətbuatında məlumatlar yayılır: “Bu da, təbii ki, Ermənistanın birbaşa rəhbərliyi ilə qondarma “Artsax” hakimiyyət orqanlarının apardıqları işlərin araşdırılması, mümkün sui – istifadə hallarının üzə çıxarılması üçün aparılır. Təsadüfi deyil ki, Ermənistan hər il öz büdcəsindən “Artsaxa” 360-400 milyon dollar arasında pul ayırırdı. Bu pullar da, təbii ki, “Artsax”ın “rəhbər”ləri arasında tarmar edilirdi. Qarabağda yaşayan ermənilər Ermənistana köç edəndə, Laçın ərazisindən keçərkən bizim jurnalistlər onlardan müsahibə alırdı. Hər birinin üzündən zəhrimar yağırdı. 30 ilə yaxın dövrdə Qarabağda erməni şovinistləri tərəfindən hadisələr gərginləşməyə başladı. Erməni millətçiləri həmin stuasiyadan istifadə edərək varlandılar. Köçəryan, Sarkisyan, Arutunyan və digərləri cinayətkardılar və gələcəkdə beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. İndi isə bir hissəsi Azərbaycandadır, törətdikləri cinayətlərə görə də cavab verəcəklər burada. Eyni zamanda bu yöndə cinayət işi Ermənistanda da aparılır. Çünki Ermənistan dövləti 92 - ci ildən sonra hər il Qarabağa külli miqdarda pul ayırırdı. Onların çətinlik çəkmələrinə baxmayaraq, hər il bu pul ayrılırdı. İndi Ermənistan dövlət orqanlarına, prokurorluğa, həm də ermənilərin əksəriyyətinə aydındır ki, həmin cinayətkarlar cinayət yolu ilə əldə etdikləri vəsaitlərin əksəriyyəti ilə xarici ölkələrdə öz ailələrinə böyük ticarət mərkəzləri, otellər alıblar. Arutunyan da Stavrapolda böyük otellər şəbəkəsinə sahibdir. Ona görə də, indi Ermənistan prokurorluğu ciddi araşdırma aparır. Onların apardığı düzgün olmayan siyasət nəticəsində həm Ermənistan dövlətinə, həm də Qarabağda yaşayan, Ermənistan tərəfindən maliyyələşdirilən ermənilərə böyük ziyan dəyib. Ona görə də həmin istintaq aparılır. Eyni zamanda Qarabağda olan erməni silahlı dəstələrinin on minə yaxın qüvvəsi vardır. Qarabağ müharibəsi dövründə Ermənistanın məğlubiyyətinin səbəblərinin aşkar olunması istiqamətində cinayət işi aparılır. Burda da, təbii ki, əsas fiqurlar Qarabağda olan revanşist qüvvələrin rəhbərləri olublar. Şahramanyanın istintaqa ifadə verməsi ilə yanaşı, digər Ermənistanda olan Qarabağ klanının əksəriyyəti də ifadə verəcək. Onların da bir çoxu cinayət məsulliyyətinə cəlb olunacaq. Çünki onlar Ermənistandan göndərilən vəsaiti mənimsəyiblər. Eyni zamanda Ermənistanda anti-Azərbaycan əhval-ruhiyyəsini qızışdırmaq üçün ermənilər Fransada Paris meri ilə danışıqlar aparır və tələb edirlər ki, Azərbaycanda həbsdə olan 55 nəfərı azad etsinlər. Onlar bu cür bayağı fikirlərlə özlərini gülünc duruma salırlar. Azərbaycanda həbs olunanların hamısı Azərbaycan xalqına qarşı cinayətlər törətmiş şəxslərdi və onlar məhkəmə qarşısına çıxacaqlar. Bütün bu cinayətlərdə Şahramanyanın da əli var. Çünki Xankəndidəki ermənilərin Ermənistana getməsində əsasən onun rolu olub. Ona görə də narahatdır”.
Məhəmmədəli QƏRİBLİ