İrəvan Bakının hava döyüş taktikasına qarşı Hindistandan xüsusi silahlar alır...
Ramil Məmmədli: “Hindistandan alınan raket sistemləri Azərbaycana ciddi təhdid yarada bilməyəcək”
Hindistanın Ermənistanın silahlanmasında rolu artır. “EurAsianTimes” Hindistanın Ermənistana “Akaş” zenit-raket komplekslərini satdığına dair məlumatlar dərc edib.
“Akaş” Hindistanın “Bharat Dynamics Limited” (BDL) şirkəti tərəfindən istehsal olunan, həssas əraziləri və nöqtələri hava hücumlarından qorumaq üçün nəzərdə tutulmuş qısa mənzilli zenit-raket kompleksidir. Bu hava hücumundan müdafiə sistemi 4-25 kilometr radiusda helikopterləri, döyüş təyyarələrini və pilotsuz uçuş aparatlarını (PUA) effektiv şəkildə vurmağa qadirdir. “EurAsianTimes yazır” ki, “Akaş” “Bakı tərəfindən istifadə edilən silahlı PUA-larla mübarizə aparmaq üçün İrəvanın ehtiyaclarına ideal şəkildə uyğundur. Amma Ermənistan bununla kifayətlənmir. O, Hindistandan kamikadze dronlar, “hava-yer” və “yer-yer” raketləri almaqda da maraqlıdır”.
Maraqlıdır, Hindistan tərəfindən Ermənistana verilən zenit-raket kompleksləri Azərbaycan üçün hansısa təhdid yaradırmı?
“Ordumuz ən müasir silahlara, zərbə dronlarına, raketlərə, hava hücumundan müdafiə vasitələrinə malikdir”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən hərbi ekspert Ramil Məmmədli bunu istisna etdi: “Bəli, son vaxtlar Ermənistan silahlanmaya xüsusi önəm verməyə başlayıb. Ermənistan hökumətinin yaydığı məlumata əsasən, İrəvan builki dövlət büdcəsində hərbi xərcləri 11 faiz artıraraq 640 milyon dollardan 710 milyon dollara çatdırıb. Ancaq “Pinaka”, “Bastion”, “Konkurs”, “Mistral”, indi isə “Akaş”larla Ermənistan ərazisini dolduran Fransa və Hindistan bununla Azərbaycan üzərində üstünlüyə sahib ola bilməyəcəklər. Ən başlıcası ona görə ki, Hindistan istehsalı olan “Pinaka” və “Akaş” silah sistemləri öz effektivliyini sübut etməyib. Belə olmasaydı, həmin sistemlərin dünyada alıcıları olardı. Hələ ki, biz bunu müşahidə etmirik. Hindistan istehsalı olan “Pinaka” və “Akaş”ı Filippin xaric heç bir ölkə almayıb. Bu necə effektiv silahlardır ki, bunu yalnız Fillippinlə Ermənistan alır? Azərbaycan Ordusu İsrail və Türkiyənin istehsal etdiyi ən müasir silahlara, zərbə dronlarına, raketlərə, hava hücumundan müdafiə vasitələrinə malikdir. Məsələn, yayılan məlumatlara görə, Azərbaycan İsraildən təyyarə və raket kimi hava hücumu alətlərindən qorunmaq üçün nəzərdə tutulmuş daha bir “Barak MX” hava hücumundan müdafiə sistemi alacaq. “Barak MX” - modul tipli mobil hava hücumundan müdafiə sistemidir, müxtəlif modifikasiyalı raketlərdən, eləcə də təyyarələr, helikopterlər və PUA kimi hava obyektlərindən qorunmağa qadirdir. Sistemə müxtəlif mənzilli üç növ tutucu raketlər daxildir: 35 km-ə qədər, 70 km-ə qədər və 150 km-ə qədər. Düzdür, İsrail istehsalı olan müxtəlif hava hücumundan müdafiə sistemləri artıq bir neçə ildir ki, Azərbaycanda istifadə olunur. Ancaq son nümayiş modernləşdirilmiş versiyaya aiddir. “Barak MX” modul hava hücumundan müdafiə sistemidir. Yəni həm dəniz platformalarında, həm də quruda fəaliyyət göstərir. Ona görə də Ermənistanın Hindistandan aldığı raket sistemləri Azərbaycana ciddi təhdid yarada bilməyəcək”.
Vidadi ORDAHALLI