Delimitasiya danışıqlarında "peşəkar xəritə və hüquqi sənədlər" yeni maneə ola bilər...
Rəşad Bayramov: “Sülh müqaviləsinə yaxınlaşdığımız bir məqamda bu fikirlərin səsləndirilməsi sülh üçün zəmin yaratmır”
Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib ki, Azərbaycan və Ermənistan sərhəd komissiyalarının növbəti görüşünün razılaşdırılmış tarixləri yoxdur:
“Hər mərhələdə növbəti mərhələyə və ya növbəti görüşə qədər işin fərqli olacağını düşünürəm və bu mənada hansısa standart şərtlərlə razılaşmağın mənası yoxdur. Bu dəfə iş prosedurunu müzakirə etdik, növbəti iclasda, məncə, reqlamenti müzakirə edəcəyik - metodologiyanın təsviri, təriflər və sair. Bu, çox mürəkkəb layihə olacaq və daxili dövriyyə baxımından daha çox vaxt tələb edəcək. Növbəti görüşdən sonra razılaşmanın məzmunundan asılı olaraq növbəti görüşün nə vaxt baş tutacağını təsəvvür etmək olar”.
Onun sözlərinə görə, demarkasiya və delimitasiya prosesi kifayət qədər uzun vaxt apara bilər, çünki bu, kifayət qədər mürəkkəb prosesdir: “Eksklüziv olaraq topoqrafik, peşəkar xəritələrlə işləyəcəyik və sırf hüquqi əhəmiyyət kəsb edən sənədlərlə də işləməliyik. İstisna edə bilmərəm ki, bu, illər çəkə bilər. Bunu belə təsəvvür edirik”.
Peşəkar xəritə və hüquqi sənədlər deyəndə nə nəzərdə tutulur?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İrəvan təsadüfən konkret dönəmdə olan xəritəyə istinad etmək istəmir: “Bu xəritə əsasında sərhədləri dəqiqləşdirsələr, bir sıra tarixi torpaqlarımız Ermənistanda qala bilər. Ermənistanın baş naziri dəfələrlə deyib ki, sərhədin delimitasiya və demarkasiyası 1975-ci ildəki SSRİ Baş Qərargahının xəritələrinə əsasən aparılacaq. Paşinyan hesab edir ki, Ermənistanın mövqeyi dəyişməz olaraq qalır.
SSRİ Baş Qərargahının çoxlu xəritələri var, onların bir çoxu nəşr olunub. Xəritələr 1973-1981-ci illərdə yayımlanıb. Rusiya lideri Putin də bəyan edib ki, xəritələr ölkəsinin Baş Qərargahındadır. Kartoqraflar izah edir ki, 1975-ci il xəritəsi Azərbaycana sərf etmir. 1975-ci illə götürüləndə bizim tarixi torpaqlarımız Ermənistan ərazisində qala bilər. 80-ci illərin ortasında isə Ceyrançöl ərazisindən yüz hektarlarla ərazimizi guya Ermənistanın otlaq ərazisi yoxdur adı ilə bizim rəhbərlərdən birinin başını aldadıb ələ keçiriblər. Ermənistan işğalındakı anklav kəndlərimizi Azərbaycanın ərazisi olaraq qəbul etdiyi kimi, Artsvaşen adlandırdığı Gədəbəy ərazisindəki Başkəndin də Ermənistan ərazisi olduğunu bildirməklə demək istəyir ki, Azərbaycanın 8 anklav kəndi geri qaytarılsa, Başkənd də onlara verilməlidir.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qazaxın 7 kəndi və Kərki ilə bağlı məsələ delimitasiya prosesi çərçivəsində həllini tapmalıdır. Paşinyanın məhz 1975-ci il xəritəsində israr etməsi sadalanan bu faktlarla bağlıdır. Erməni baş nazir xəritələr və qoşunların sərhəddən “güzgü üsulu” ilə geri çəkilməsi istəyir. Azərbaycan buna razı deyil. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın 1975-ci il xəritələrinə istinad edərək sərhədlərin delimitasiya məsələsini qabartması yenə də mövzudan yayınmaqdır. 2020-ci ildən sonrakı danışıqların nəticəsi olaraq sülh müqaviləsinə yaxınlaşdığımız bir məqamda bu fikirlərin səsləndirilməsi sülh üçün zəmin yaratmır.
Azərbaycanın tarixi torpaqlarında havadarları sayəsində dövlət quran Ermənistanın 1975-ci il xəritəsinin qarşısına Azərbaycan 1918-ci il xəritəsi ilə çıxsa vəziyyət necə olacaq? Suala cavab sadədir, həmin vəziyyət Ermənistan üçün heç də yaxşı olmayacaq”.
Məhəmmədəli QƏRİBLİ