OPEK-lə COP28 sammiti kəllə-kəlləyə gəlir - Əliyev hadisələri yenə qabaqlayır...
Rəsul Cahangirli: “Bütün bunlar Azərbaycanın uğurlu və rasional siyasət yeritməsindən irəli gəlir”
Dubayda keçirilən BMT-nin İqlim Konfransı COP28-də iştirak edən ölkələr konfransdan sonra yekun razılaşma ilə bağlı razılığa gələ bilmirlər. Buna səbəb qalıq yanacaqlardan imtina etməklə bağlı yaranan fikir ayrılıqlarıdır.
Bu səbəbdən COP28 iştirakçıları konfransın yekun bəyannaməsinin yekun variantı ilə bağlı razılığa gələ bilmirlər. Bu vəziyyət iqlim gündəmi ilə bağlı 30 illik danışıqlarda ilk dəfə yaranıb. Zirvə toplantısında Səudiyyə Ərəbistanı Krallığı, Rusiya və bir sıra digər iştirakçı ölkələr COP28-də karbohidrogen istehlakının aradan qaldırılması üzrə öhdəliklərdənsə, havanın çirklənməsinin azaldılmasını prioritet hesab etməkdə israr edirlər. Bunun əksinə olaraq, ABŞ və Aİ də daxil olmaqla, təxminən 80 ölkə COP28-in yekun razılaşmasına qalıq yanacaqlardan tamamilə imtinanın daxil edilməsini istəyir.
Görünən odur ki, tərəflər ortaq məxrəcə gələ bilmirlər. Halbuki, dekabrın 12-də yekun qətnamə qəbul olunmalıdır. Burada söhbət həm də Azərbaycanın prosesləri qabaqlamağından gedir. Çünki Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan neft-qaz ixrac etməklə yanaşı, bərpa olunan enerji mənbələrini inkişaf etdirir. Söhbət “yaşıl enerji” sahəsinə aid olan günəş, külək və hidroenerjidən, bunların istehsalından, ixracından gedir. Yəni Azərbaycan bu prosesi artıq görür. O mənada ki, gələcəkdə dünya artıq təbii yanacaqdan imtinaya doğru gedirsə, ölkə bu başdan “yaşıl enerji” potensialını inkişaf etdirməlidir ki, nəticədə ölkənin iqtisadiyyatını bu növdən olan ixracın üstündə qursun. Bir sözlə, Azərbaycan həm beynəlxalq iqlim dəyişikliyi konfransının keçirilməsinə dəstək verir, onu Bakıda keçirməyə razılaşır, həm də üzərinə öhdəlik götürür ki, 2040-cı ilə qədər təbii qaz tullantılarını 50 faizə qədər azaldacaq. Bu tərəfdən də özünün alternativ enerji mənbələrini inkişaf etdirir ki, elektrik enerjisi istehsalına neft və qaz daha az sərf olunsun. Nəticədə təbiət çirklənməsin.
“Ölkəmizin alternativ enerji sahəsində daha böyük uğurlara imza atacağı gözlənilir”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən ekspert Rəsul Cahangirlinin fikrincə, bütün bunlar sözügedən sahədə Azərbaycanın uğurlu və rasional siyasət yeritməsindən irəli gəlir: “Həqiqətən də Azərbaycan uğurlu enerji strategiyası həyata keçirir. Həm Azərbaycanın zəngin neft-qaz resurslarını hasil edərək dünya bazarına çıxarır, həm də alternativ enerji mənbələrinin iqtisadi dövriyyəyə cəlbi istiqamətində sistemli tədbirlər görülür. Bərpaolunan və “yaşıl enerji” əsasında istehsal edilən elektrik ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcı oldu. Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi prioritet vəzifə olaraq irəli sürülüb. 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Ölkəmizin bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur. Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. 2021-ci ilin fevralında qəbul edilən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” bərpa olunan enerji strategiyasının əsasını təşkil edir. 2022-ci il dekabrın 17-də Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması Azərbaycanın bu sahədə potensialının realizə olunmasını və dünyanın enerji bazarında əhəmiyyətli rolunun daha da yüksəlməsini şərtləndirir. Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək isə 30 faizə çatdırılması “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası”nda nəzərdə tutulub. Bir sözlə, Azərbaycanın bu sahədə daha böyük uğurlara imza atacağı gözlənilir”.
Vidadi ORDAHALLI