Rusiyadan Makrona nüvə təhdidi - Rusiyadan atılan raket iki dəqiqəyə Parisə çatacaq...
Vladimir Putinin tərəfdarlarından biri, Rusiya Dumasının vitse-prezidenti Pyotr Tolstoy Rusiyanın təhdidlərinə yenisini əlavə edib. Tolstoy Fransa qoşunlarının Ukraynaya girəcəyi təqdirdə Parisə nüvə bombası göndərilməsi ehtimalını gündəmə gətirib.
Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda xəbərdarlıq etmişdi ki, Putin Kiyevə yeni hücuma başlayarsa, Ukraynanın cəbhə xəttinə qoşun yeridə bilər.
Bu təhdidlərə cavab olaraq Tolstoy Fransanın BFM telekanalına müsahibəsində Rusiyanın Parisə nüvə hücumu ehtimalını “hesabladığını” təsdiqləyib. Tolstoy bildirib ki, o, Rusiyadan atılan bir raketin Fransa paytaxtına “iki dəqiqədən bir qədər çox vaxta” çata biləcəyini təxmin edir: "Rusiya üçün əsas ölkənin təhlükəsizliyini təmin etməkdir. NATO ölkələri, o cümlədən Fransa Rusiya sərhədlərinə raketlər yerləşdirir".
Qeyd edək ki, Yelisey sarayında müxalifət liderləri ilə görüş keçirən Makron iki ildir davam edən müharibəyə girəcəklərini deyib. Fransanın "L'Independant" qəzetinin məlumatına görə, Makron Fransa hökumətinin yüksək rütbəli üzvlərinə Rusiyanın Odessa və ya Kiyevə doğru irəliləyə biləcəyi mümkün nöqtələri ehtiva edən xəritələr də göstərib.
Tolstoy isə cavab olaraq Ukraynada yerləşdiriləcək “bütün fransız əsgərlərini öldürəcəklərini” bəyan edib.
Makron ilk dəfə deyil ki, Putini və onun tərəfdarlarını qəzəbləndirir. O, bundan əvvəl də NATO və Aİ ölkələrinin tezliklə Rusiyaya qarşı cəbhəyə əsgər göndərə biləcəyini iddia etmişdi. Avropa ölkələri isə Makrona qarşı çıxır...
TAHİR