Bizi bağışlamayacaqlar - kimlərdir onlar?..
Əli Mustafa: “Fürsət düşən kimi Qarabağ kartını işə salmağa cəhd edə bilərlər”
“Bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik”. Bu fikirləri Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində deyib.
Ölkə başçısının sözlərinə görə, biz elə bir bölgədə yerləşirik, bizə qarşı elə qüvvələr birləşib ki, bizə ziyan vurmaq üçün fürsət axtarırlar: “Biz, - İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, - sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir. Biz hazır olmalıyıq, səfərbər olmalıyıq, əlbəttə ki, cəmiyyət rahat yaşamalıdır. Mən Azərbaycan üçün hər hansı bir təhlükə, təhdid görmürəm. Ancaq nə üçün görmürəm, çünki bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək”.
Maraqlıdır, Prezident “bunu bizə bağışlamayacaqlar” deyərkən kimləri nəzərdə tutur?
“Bizə qarşı hansı dövlətlərin birgə hərəkət etdiyi bəllidir və çox güman ki, Prezident buna eyham vurur”
Sözügedən məsələyə aydınlıq gətirən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafa bununla bağlı bir sıra məqamlara toxundu: “Burada söhbət ondan gedir ki, Qarabağ uğrunda gedən savaş yalnız ermənilərin ərazilərimizi işğal etməsi, “böyük Ermənistan” məsələsi deyil. Bu, böyük geosiyasi bir oyunun tərkib hissəsidir. Baxın, bir sıra məsələlərdə Qərblə Rusiyanın maraqları toqquşur. İstənilən münaqişədə, konfliktdə Rusiya ilə Qərbin maraqları toqquşur. Ancaq Qarabağ məsələsində Qərblə Rusiya eyni mövqedən çıxış edir. Hətta indinin özündə də eyni mövqedən çıxış edirlər. Baxmayaraq ki, Ukraynada qarşı-qarşıya dayanıb vuruşurlar, amma Qarabağ məsələsində ikisi də sanki ermənilərin yanındadır. Hesab edirəm ki, bu, təsadüfi bir məsələ deyil. Ola bilsin ki, Qarabağ, Ermənistan layihəsi türk dünyasını əsarətdə saxlamaq, parçalanmanı təmin etmək məqsədi güdür. Ola bilsin ki, bu coğrafiyaya hakim olmaq üçün çox ciddi layihə olub. İndi bir sıra səbəblərdən bizə qarşı olan bu layihə dağılıb. Ancaq bu o demək deyil ki, onlar məsələni tam bağlayıblar. Fürsət düşən kimi Qarabağ kartını işə salmağa cəhd edə bilərlər. Bizə qarşı hansı dövlətlərin birgə hərəkət etdiyi bəllidir və çox güman ki, Prezident buna eyham vurur. Bu, həm də o deməkdir ki, hər zaman ayıq-sayıq olmalıyıq. Eyforiyaya qapılıb arxayın oturmamalıyıq. Qarabağ kartı üzərindən uzun illər bizə təsir edən, sərvətlərimizi çapıb-talayan güclər artıq bu imkandan məhrum olublar. Çünki münaqişə ortadan qalxdığı üçün bu diqtəni edə bilmirlər. Vəziyyət dəyişib. Baxmayaraq ki, bu, sadə məsələ deyil. O üzdən, bunu Azərbaycana bağışlamaq istəmirlər. Hər fürsətdə Qarabağ məsələsini bəhanə edib üzərimizə gəlmək istəyirlər”.
Vidadi ORDAHALLI