Tramp Ukraynada savaşı dayandırmaq üçün hərəkətə keçir - Putin və Zelenski Vaşinqtona dəvət edilə bilər...
Donald Trampın ABŞ prezidenti vəzifəsinə başlamasından sonra Ukrayna üzrə xüsusi nümayəndə olacağı gözlənilən Keyt Kelloq Ukraynadakı münaqişənin yaxın bir neçə ay ərzində bitə biləcəyini deyib.
“Fox News”a danışan Kelloq Moskva ilə Kiyev arasındakı mübahisənin həll oluna biləcəyinə inandığını bildirib. Kelloq bildirib ki, Tramp qəti addımlar ata bilər və Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Zelenskini sülh danışıqları üçün Vaşinqtona dəvət edə bilər.
Qeyd edək ki, Kelloq hərbi veterandır və Vyetnamda və Körfəz müharibəsində iştirak edib. 11 sentyabr hücumları zamanı Pentaqonda olan Kelloq daha sonra 2016-cı ildə Trampın prezidentliyə keçid komandasında iştirak edib.
2024-cü il seçki kampaniyası zamanı Trampa beynəlxalq məsələlərdə məsləhət verən Kelloq iyun ayında Ukraynadakı münaqişənin həlli planını təqdim edib. Bu plana Kiyevi danışıqlara məcbur etmək üçün hərbi yardımı dayandırmaq təhlükəsi də daxildir. Əgər Rusiya danışıqlardan imtina edərsə, plan Ukraynaya hərbi yardımın artırılmasını nəzərdə tuturur. Kelloq, həmçinin danışıqlar prosesinin uğurlu olması üçün Ukraynanın NATO üzvlüyünün təxirə salınmasını və bunun əvəzinə təhlükəsizlik zəmanətlərinin verilməsini təklif edib.
TAHİR