Mərkəzi Bank üçün ən pis proqnoz - valyuta ehtiyatları azalacaq...
Bu il yanvarın 1-də Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 959,5 milyon ABŞ dolları təşkil edib. Bu, ötən il dekabrın 1-i ilə müqayisədə 0,1 faiz azdır. AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 5,6 faiz azalıb.
Maraqlıdır, bundan sonra proseslər necə olacaq? Valyuta ehtiyatının azalması davam edə bilərmi?
Əkrəm Həsənov: “2024-cu ilin sonunda devalvasiyanın olmasına dair ajiotaj yarandı, bu məlumatdan narahat olan xeyli insan dollar almağa üstünlük verdi”
Bankl sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Mərkəzi Bankın valyuta ehtiyatı azalmaq üzrədir. Azalmanın səbəbi isə Mərkəzi Bankın ilin sonunda xeyli dollar satması ilə bağlıdır: “Ümumiyyətlə, ilin sonunda dollara təlabat artır, bu da bank sistemi üçün adi hal sayılır. Məlumdur ki, ilin sonunda sahibkarların ödənişləri artır, müqavilələr üzrə xarici ölkələrə köçürmələr olur. Müştərilərə dollar lazım olduğu üçün banklar Mərkəzi Banka qeyd edilən valyutanı sifariş verir, alır. Beləkiklə də Mərkəzi Bankın valyuta ehtiyatı azalır. Digər səbəb isə 2024-cu ilin sonunda devolvasiyanın olmasına dair ajiotaj yarandı. Bu məlumatdan narahat olan xeyli insan dollar almağa üstünlük verdi. Devolvasiyanın olub-olmayacağını isə heç kim bilmir. Bu ehtimal hər zaman var. Ancaq mən hesab edirəm ki, 2025-ci ildə devolvasiya olmayacaq və valyutanın azalması prosesi uzun müddət davam etməyəcək”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, valyuta ehtiyatının azalmasının səbəblərindən biri də gəlirlərin zəif olması ilə əlaqələlidir. Yəni neftin qiymətindən asılıdır.
Fuad İbrahimli: “Hər hansısa təhlükəli fon, sual yaranarsa və manatın məzənnəsinə təzyiq olarsa, o zaman müdaxilə olacaq”
İqtisadçı-ekspert Fuad İbrahimlinin sözlərinə görə, xarici valyutada dövlət xərclərinin icrasına dəstək məqsədilə valyuta ehtiyatlarından xüsusi satışlar həyata keçirilib. İşğaldan azad edilən rayonlarda kifayət qədər iri layihələr həyata keçirilir: “Bununla əlaqədar kapital qoyuluşu mütləq şəkildə lazımdır. Ortada idxal amili var. Müasir innovativ layihələrin həyata keçirilməsində mütləq şəkildə idxala ehtiyac var. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, hər şey nəzarət altındadır. Maliyyə tarazlığı pozulmayıb. Hər hansısa təhlükəli fon, sual yaranarsa və manatın məzənnəsinə təzyiq olarsa, o zaman müdaxilə olacaq. Bununla bağlı hansısa təhlükə yoxdur və bu baxımdan narahatlığa əsas yoxdur”.
Günel CƏLİLOVA