Moskva İslam İnstitutunda "Azərbaycan multikulturalizmini" kimlər tədris edəcək?...
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi: “Mərkəzin apardığı ardıcıl və məqsədyönlü iş nəticəsində xaricdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi geniş coğrafiyanı əhatə edir”
Azərbaycan dövləti ölkədə multikultural mühitin qorunmasını daim diqqət mərkəzində saxlayır. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır.
Mövcud milli-mədəni müxtəliflik və dini-etnik dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib. Azərbaycanın multikultural və tolerant bir ölkə olması nəticəsində burada multikulturalizm xalqın həyat tərzi səviyyəsinə yüksəlib. Həmçinin, dövlət tərəfindən cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin qorunması istiqamətində ölkəmizdə böyük layihələrin həyata keçirilməsi Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən birinə çevrilməsinə səbəb olub. Bu gün ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq ənənələri dünya ölkələrində təbliğ olunur və buna maraq artmaqdadır. Elə bu səbəbdəndir ki, bir çox dünya ölkələrində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir.
Artıq Moskva İslam İnstitutunda da “Azərbaycan multikulturalizmi” fənni tədris olunacaq. Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidməti məlumat yayıb.
Maraqlıdır, adıçəkilən təhsil ocağında “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə Azərbaycandan alim, müəllimlər cəlb olunacaqmı? Ümumiyyətlə, xarici ölkələrdə “Azərbaycan multikulturalizmi” fənni tədrisinin əhəmiyyəti nədir?
“Tədrisi Mərkəz tərəfindən müəyyən olunmuş müəllim Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqləmiş fənn proqramı və tədris materialları əsasında aparacaq”
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən “Bakı-Xəbər”ə bunlar bildirildi: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) yarandığı gündən etibarən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı bir sıra layihələr həyata keçirir. BBMM-in mühüm əhəmiyyət kəsb edən layihələrindən biri də “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsidir. Mərkəzin apardığı ardıcıl və məqsədyönlü iş nəticəsində xaricdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi geniş coğrafiyanı əhatə edir. Bu layihə çərçivəsində dünyanın 26 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunub.
Sentyabrın 20-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Moskva İslam İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən Moskva İslam İnstitutunda “Azərbaycan multikulturalizmi” fənni tədris olunacaq. Bununla da “Azərbaycan multikulturalizmi” artıq dünyanın 27 universitetində tədris ediləcək. Tədrisi Mərkəz tərəfindən müəyyən olunmuş müəllim Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqləmiş fənn proqramı və tədris materialları əsasında aparacaq”.
Mərkəzdən o qeyd edildi ki, tədris prosesini, mühazirəçinin tədris metodlarını və kurs iştirakçılarının kursa münasibətini müzakirə etmək üçün BBMM-in ekspertləri tərəfindən monitorinq təşkil ediləcək: “Eyni zamanda, Mərkəz və Moskva İslam İnstitutu arasında multikulturalizm və dini tolerantlıq mövzularında birgə layihələr həyata keçiriləcək. Birgə təşkil olunan seminarlar, konfranslar və müzakirələr “Azərbaycan Multikulturalizmi” kursunu keçənlərə müasir dini və sosial məsələlərə dair biliklərini artırmağa kömək edəcək. Qarşılıqlı təcrübə mübadiləsi hər iki qurum üçün faydalı olacaq. Kursun iştirakçıları arasından seçilmiş tələbələr üçün təlimlər təşkil ediləcək. Həmin tələbələrin Azərbaycandakı multikultural mühitlə yaxından tanış olmaları üçün Mərkəzin Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi çərşivəsində ölkəmizə səfəri təşkil olunacaq. Fənnin tədrisi Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqinə töhfə verəcək.
Qeyd edək ki, Moskva İslam İnstitutu “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu ikinci Rusiya universitetidir. Belə ki, Rusiyanın Ural Federal Universitetində “Azərbaycan multikulturalizmi” fənni artıq tədris olunur.
Günel CƏLİLOVA