Ukrayna, Moldova, Gürcüstan Azərbaycanın nümunəsindən necə bəhrələnə bilər - Prezident İtaliyada müzakirə açdı...
Ramil Məmmədli: “Azərbaycanın uğurlu nümunəsinin kökündə balanslaşmış siyasət dayanır”
Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda moderatorun suallarını cavablandırarkən deyib ki, bizim qələbəmiz öz ərazi bütövlüyünü bərpa etməyə çalışan ölkələr üçün yaxşı nümunə ola bilər:
“O zaman işğal altında olan ərazilərimizin böyük hissəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Lakin məsələ bununla bitmədi, çünki separatçılar Azərbaycanın suverenliyinə xələl gətirməyə davam edirdilər. Bu məsələdə sonuncu nöqtə ötən ilin sentyabrında qoyuldu və Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi. Münaqişəyə nəhayət son qoyuldu və bu, məhz belə də olmalı idi. Bu, bu gün ərazi bütövlüyünü və suverenliyini bərpa etmək istiqamətində uğura nail olmaqda çətinlik çəkən bir çox ölkə üçün yaxşı nümunədir. Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər. Beləliklə, Sovet İttifaqının süqutundan sonra ilk dəfədir ki, biz Cənubi Qafqazda sülhə nail ola bilərik”.
Bütün bu deyilənlərin fonunda görünən odur ki, beynəlxalq hüquq, siyasi iradə, cəmiyyətin toparlanması və fiziki güc həlledicidir. O baxımdan Ukrayna, Gürcüstan, Moldova Azərbaycanın bu təcrübəsindən necə faydalana bilər?
“Son dövrlər görünən odur ki, Gürcüstan ölkəmizin təcrübəsindən faydalanmaq istəyir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli buna bir neçə aspektdən yanaşdı: “Əvvəla, hər bir münaqişənin, separatizm ocağının özünəməxsus xüsusiyyətləri var. Demək ki, Azərbaycanın tətbiq etdiyi metodları eyni formada həyata keçirmək lazımdır, bu doğru olmaz. Ancaq Azərbaycan təcrübəsi, keçdiyi yol və yeritdiyi siyasət bu ölkələr üçün örnək ola bilər. Bir məqamı qeyd edim ki, postsovet ölkələrində separatizm ocaqlarına münasibət fərqli idi. Qərb Gürcüstanda, Moldovada, Ukraynada mövcud separatçılara münasibətdə daha sərt və açıq mövqe sərgiləyir. Ancaq əfsuslar olsun ki, eyni mövqeyi ərazilərimiz işğal altında olanda sərgilənmədi. Qarabağda baş verənləri separatizm kimi yox, “tanınmamış respublika” kimi təqdim etdilər. O baxımdan bizim üçün bu maneələri aşmaq daha çətin oldu. Azərbaycanın uğurlu nümunəsinin kökündə balanslaşmış siyasət dayanır. Məsələ ondadır ki, Ermənistan o zaman bilavasitə Rusiyanın yardımı ilə ərazilərimizi işğal etdi. Ancaq Azərbaycan buna görə birtərəfli Qərbpərəst siyasət yeritmədi. Halbuki, Gürcüstan, Moldova və Ukrayna bəlli bir dövrdən sonra aşırı dərəcədə Qərbyönümlü siyasət yeritdi. Bu zaman nəticələr onlar üçün daha ağır oldu. Azərbaycan praqmatik siyasət yeridərək bütün tərəflərlə qarşılıqlı əlaqələr qurdu. Güclü ordu yaradaraq səbrlə uyğun məqamı gözlədi. Nəticədə inanılmaz qələbəyə imza atdı. Son dövrlər görünən odur ki, Gürcüstan ölkəmizin təcrübəsindən faydalanmaq istəyir”.
Vidadi ORDAHALLI