Bakı konfransı islamofobiyanı bəşəri cinayət kimi tövsif etdi...
Ramil Hüseynov: “İslamafobiya dünyaya soyqırım kimi təqdim edilməlidir”
İslamofobiya müsəlmanlara qarşı yalnız pis rəftarla tükənmir, onun kökündə daha mənfi məqamlar var. Çox şadam ki, Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir, belə tədbirlər keçirir, bu məsələləri müzakirə edir.
Bu sözləri Böyük Britaniyanın Srebrenitsanı xatırlama təşkilatının sədri və “Badger” Sağlamlıq Qrupunun baş icraçı direktoru Vəqaruzzaman Əzmi Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən düşünülməsi” adlı aralıq sessiyasında deyib.
O bildirib ki, islamofobiya qlobal perspektivdə ən fundamental məsələlərdən biridir. Bunun qlobal strategiyaya ehtiyacı var: “İslamofobiya soyqırımıdır, etnik təmizləmədir, müsəlman əhalinin əmlakının dağıdılması, saxtakarlaşdırılmasıdır. Müsəlmanlar qeyri-insan kimi qələmə verilməyə çalışılır. İnsanları alçaltma ideologiyası kifayət qədər ayaq alıb”.
Görünən odur ki, Bakıda islamofobiya konfransında bəzi çıxışlarda islamofobiya soyqırım cinayəti kimi xarakterizə edildi.
“Müqəddəs yerlərin təhqir edilməsi, abidələrin dağıdılması vandalizm aktı olmaqla yanaşı, həm də soyqırımdır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, islamofobiyanın soyqırım kimi dəyərləndirilməsi obyektiv yanaşmadır: “Həqiqətən də islamafobiya təkcə müsəlmanlara qarşı pis rəftarı özündə ehtiva etmir. Bu, həm də soyqırım cinayətidir. Əfsuslar olsun ki, Avropada, ABŞ-da, Hindistanda, Myanmada biz bunun şahidi oluruq. Müsəlmanlar diskriminasiyaya məruz qalmaqla yanaşı, həm də linc edilir. Əmlakları əllərindən alınır, evləri talan edilir. Bu səbəbdən onlar bir sıra məhrumiyyətlərlə üzləşirlər. Dəfələrlə Avropa ölkələrində müsəlman miqrantlara radikal qruplar tərəfindən hücumlar olub. Almaniyada, Fransada belə hallar digər ölkələrlə müqayisədə daha tez-tez baş verir. Ancaq güc strukturları bu kimi halların araşdırılmasında gərəkən addımları atmırlar. Bunu törədənləri məsuliyyətə cəlb etməkdən yayınırlar. Bu da öz növbəsində belə xoşagəlməz halların təkrarlanmasına zəmin yaradır. Müqəddəs yerləri təhqir edirlər, abidələri dağıdırlar. Bu, vandalizm aktı olmaqla yanaşı, həm də soyqırımdır. Ona görə də islamafobiya dünyaya soyqırım kimi təqdim edilməlidir”.
Vidadi ORDAHALLI