Fransa nədən dünyanın "ən böyük islamofob ölkəsinə” çevrilib...
Tural İrfan: “Türkiyə və Azərbaycan başda olmaqla, islama qarşı yönləndirilmiş Avropanın bu çirkin oyunu ifşa edilməlidir”
Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində keçirilən “Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları" mövzusunda plenar iclasda Fransada dövlət müəssisələrində müsəlmanlara qarşı ayrı-seçkilik hallarına özəl sektordakından daha çox rast gəlindiyi bildirilib.
Avropa ölkələrində islamofobiyanın güclənməsinin səbəblərindən bəhs edilən tədbirdə qeyd edilib ki, bəzi Avropa ölkələrində islamofobiya cəmiyyətdən dövlətə deyil, dövlətdən cəmiyyətə yayılır. Diqqətə çatdırılıb ki, 2019-cu ildə Fransada islamofobiya halları dövlət müəssisələrində 369 təşkil edib, özəl sektorda isə 197 olub.
Avropada müsəlmanlar üçün ibadət evlərinin tikilməsi ilə bağlı problemlərdən söz açılan tədbirdə deyilib ki, 10 faizi müsəlman olan Fransada 2500 məscid var. Həmin 2500 məscidin mütləq əksəriyyəti bir otaqdan ibarətdir. Fransa nümunəsində müsəlman icmalarının İslam adətlərinə uyğun məscidlər tikməyə maddi imkanları yoxdur. Fransa dövləti isə digər ölkələrdəki müsəlmanlardan maddi dəstək alınmasını qəbul etmir.
Bu fakt Fransanın dünyanın ən güclü islamofob ölkəsinə çevrildiyinə dair bariz nümunə sayıla bilərmi?
İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Avropada islam çox sürətlə yayılır: “Bu faktın özü də Avropanı ciddi narahat edir. Eyni zamanda bəllidir ki, müsəlman ölkələrindən Avropaya böyük axın var. İnsanların sərbəst şəkildə də Avropada yaşamağa meylləri var. Bunun da əksəriyyəti müsəlmanlardır. Avropa böyük sürətlə müsəlmanlaşır. Narahatlığın böyük səbəbi də bundan ibarətdir. Ümumiyyətlə, Fransa kimi Avropa dövlətləri əvvəldən səlibçi təfəkkürdə olublar, bununla yanaşı Ermənistan kimi təsir dairəsində olan dövlətləri müsəlmanlara qarşı xaç yürüşünə təhrik etməyə çalışıblar. Bu da onların günahkarlıq psixologiyasından əmələ gələn bir məsələdir. Vaxtilə Əlcəzairdə və digər müsəlman ölkələrində soyqırıma, genosidə yol vermiş Avropa dövlətləri bu gün köhnə kin - küdurətlərini yenə də unutmurlar, əllərinə fürsət düşdükcə sürətli bir səlib yürüşünə başlamağa çalışırlar. Hazırda bu səlib yürüşünü silahla, açıq yox, belə siyasi yollarla, öz daxillərində müsəlmanlara təzyiqlər göstərməklə davam etdirirlər. Qurani-kərimlərin yandırılması, karikaturaların çəkilməsi, hicab bağlamış qadınlara qarşı ciddi təzyiqlər, müsəlman ölkələrində eynicinslilərin evliliyinin yaranmasını təşkil etmək, bütün bunlar onların atdıqları addımların göstəriciləridir. Hətta müsəlman ölkələrində bu təbliğatı yaratmaq üçün öz ölkələrində nümunə yaratmağa icazə veriblər. Elə bir siyasət qurublar ki, eynicinslilərin evlənməsini, bu pozğunçuluğu Avropa ölkələrində adiləşdirib, qanunlara salıblar. Müsəlmanları da məcbur edirlər ki, dırnaqarası Avropa standartlarına inteqrasiya etsinlər. Əslində məqsəd müsəlmanların artımının qarşısı almaq və pozğunçuluğu yaymaqla islamı məhv etməyə çalışmaqdır. Çünki Avropa və xaçpərəst dünyası düşünür ki, islam onun üçün böyük bir təhlükədir. Halbuki, islam böyük təhlükə deyil. Bir qorxu da ondan ibarətdir ki, bütün dünya müsəlmanlaşa bilər. Onlar, sətiraltı da olsa, bunu hər zaman vurğulayıblar. Bir çox müsəlman ölkələrini də öz təsirləri altına sala biliblər. Hesab edirəm ki, bu əsasən Fransanın başçılığı ilə həyata keçirilən məsələlərdir. Şübhəsiz, islamafobiya Avropada dövlət siyasətidir, dövlət tərəfindən idarə olunur. Avropanın özündə, digər ölkələrdə də islamafobiyanı genişləndirməyə cəhd edirlər. Məlum məsələdir ki, müsəlmanların haqqını-hüququnu tapdalayaraq, bəzi müsəlman ölkələrinin sərvətini talayaraq, onlardan terrorçu dəstələr yaratmağa çalışırlar. Sonra da onların törətdikləri hadisələrə görə islamı gözdən salırlar və elə təqdim edirlər ki, guya islam radikalizmi təbliğ edir. Məsələ bundan ibarətdir ki, islamı gözdən salan Fransa kimi Qərb dövlətləridir. Erməniləri də türk dünyasına, müsəlmanlara qarşı yönləndirən, qızışdıran məhz Fransadır. Ona görə də, mən hesab edirəm ki, Türkiyə və Azərbaycan başda olmaqla, islama qarşı yönləndirilmiş Avropanın bu çirkin oyunu ifşa edilməlidir. Azərbaycan və Türkiyədə olan dini tolerantlıq, islamın həqiqətləri dünyaya siyasi trubunalardan, beynəlxalq konfranslardan çatdırılmalıdır. Eyni zamanda, Fransa başda olmaqla, Avropa ölkələrinin islamafobiya çərçivəsində müsəlman ölkələrinə təzyiqi, Avropanın tərkibində müsəlmanlara qarşı yeritdiyi bu siyasət beynəlxalq qanuna zidd bir məsələ, dini ayrıseçkilik kimi ifşa edilməlidir. Lazım gələrsə, siyasi müstəviyə də çıxarıla bilər”.
Məhəmmədəli QƏRİBLİ