Göyçayda Kollecdə ciddi nöqsanlar aşkarlandı - direktor müavini işindən azad edildi
2023-cü ilin dekabr ayından etibarən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsili müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır. Monitorinqlər zamanı kolleclərdə tədris prosesində mövcud olan problemlər, yol verilən nöqsanlar araşdırılır və onların aradan qaldırılması istiqamətində Agentlik tərəfindən qəti tədbirlər həyata keçirilir.
Bu barədə Agentlikdən məlumat verilib.
Qeyd edilib ki, Göyçay Rayon Prokurorluğunun 12 dekabr 2023-cü il tarixli qərarına əsasən Maliyyə Nazirliyi və Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 29 yanvar 2024-cü il tarixindən etibarən Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində araşdırma aparılır.
Araşdırma zamanı sözügedən Kollecdə tədris prosesinin təşkili ilə əlaqədar ciddi nöqsanlar aşkarlanıb. Nəticədə Kollecin tədris işləri üzrə direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Şahin Əliyev Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 11 mart 2024-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad edilib.
ZÜMRÜD