İranlı generaldan şok Suriya etirafı - çox pis məğlub olduq, ruslar bizi aldatdı…
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Behruz Esbati Suriyada Bəşər Əsəd rejiminin devrilməsini Tehran üçün “böyük zərbə” adlandırıb.
Esbati Suriyada rejimin çöküşü zamanı Dəməşq və Tehran arasında gərginlik olduğunu iddia edib. İnqilabçı qüvvələrin Dəməşqə doğru irəliləməsi zamanı Rusiyanın İranı yanlış məlumatlandırdığını iddia edən Esbati, rusların rejim əleyhinə qüvvələri vurmaq əvəzinə boş əraziləri bombaladığını iddia edib.
Onun sözlərinə görə, Bəşər Əsədin Suriyasının süqutuna səbəb olan amillərdən biri də Rusiya olub. Rusiya həm Əsədi aldatdı, həm də İrana xəyanət etdi: “Ruslar Bəşər Əsədə təqdim etdikləri müdafiə planında “Bütün İdlibi bombalayaraq məhv edəcəyik və HTŞ-nin bütün gücünü məhv edəcəyik” dedi. Ancaq ruslar HTŞ qərargahı əvəzinə boş əraziləri bombaladılar. Ruslar bizə HTŞ-yə hücum etdiklərini deyirdilər, lakin İran kəşfiyyat qüvvələri HTŞ-nin vurulmadığını deyirdi”.
O, bildirib ki, Bəşər Əsədin üsyançı qruplara qarşı effektiv planı və proqramı yox idi. Əsəd SEPAH-ın əməliyyat müdafiə planlarını qəbul etmədi. O, aldadıcı plan olan Rusiyanın müdafiə planı ilə hərəkət edirdi və ona arxalanırdı...
Siyasi təzyiqlər və iqtisadi çətinliklərin Əsəd rejiminin süqutunu qaçılmaz etdiyini bildirən iranlı general, yeni dövrdə Suriyada yerləşən agentlərini aktivləşdirə biləcəklərini qeyd edib.
Dekabrın 31-də İran hakimiyyətinin rəsmi açıqlamasından kənara çıxan general Behruz Esbatinin Tehrandakı Vəliəsr məscidindəki çıxışının audio yazısı İsveçrədə yerləşən Abdi Medya tərəfindən dərc edilib.
Dəməşqin üsyançıların əlinə keçməsindən bir gün əvvəl Suriyadan son hərbi təyyarə ilə Tehrana gələn Esbati deyib ki, mən Suriyanı itirməyi fəxr ediləcək bir şey kimi görmürəm: “Məğlub olduq, çox pis məğlub olduq, çox böyük bir zərbə aldıq və bu, çox çətin proses idi”.
Esbati istehsal etdikləri raketlərin ABŞ-ın bölgədəki mövqelərini məhv edə bilməyəcəyini də etiraf edib: Bizim adi raketlərimiz, strateji raketlər istisna olmaqla, Amerikanın müdafiəsinə o qədər də təsir etmir. Gəlin etiraf edək. Amerika bizi on dəfə vursa və Haşdi Şabiyə hücum etsə nə olacaq?”
TAHİR