Azərbaycan dramaturgiyasında “Atalar və oğullar” problemi ilə bağlı monoqrafiya yayınlandı
Bu günlərdə Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aygün Zəkinin “Azərbaycan dramaturgiyasında “atalar və oğullar” problemi” adlı monoqrafiyası nəşr olunub. “Azərnəşr”in yayınladığı monoqrafiyada XIX əsrin axırı - XX yüzilin əvvəllərində Azərbaycan dramaturgiyasında bəhs olunan problem sistemli şəkildə təhlil oluub.
Monoqrafiyada Mirzə Fətəli Axundzadə ilə yanaşı, XIX əsrin sonu - XX yüzilin əvvəllərində Azərbaycan dramaturgiyasının inkişafında mühüm rol oynamış Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Hüseyn Cavid və başqa dramatuqların milli ədəbiyyatın dəyərli örnəklərini ərsəyə gətirən pyesləri araşdırma obyektinə çevrilib. Tədqiqatçı adı çəkilən dramatuqların müxtəlif əsərlərində yaradılmış obraz və xarakterləri dönəmin, mühitin problemləri fonunda nəsillərarası qarşıdrmanın fərqli rakurslarından təqdim edib. Müəllif araşdırmaya çəkilən mövzunun Azərbaycan ədəbiyyatı tarixindəki rolunu və önəmini vurğulamaqla qalmamış, onun folklordan qaynaqlanan örnəklərinə diqqət yetirmiş, klassik yazılı mətnlərdə, divan ədəbiyyatında nə şəkildə bədii təcəssümünü tapdığını dəyərləndirməyə çalışıb.
Filologiya elmləri doktoru, professor Vaqif Sultanlı kitaba yazdığı “Dramaturji konfliktə çevrilən əbədi qarşidurma elmi-nəzəri təhlil axarında” adlı ön sözdə araşdırılan mövzu bağlı qənaətlərini aşağıdakı kimi ümumiləşdirir: “Problemin indiyə qədər diqqətdən kənarda qalması, daha doğrusu əhatəli şəkildə araşdırılmaması müəyyən səbəblərlə bağlıdır. Hər şeydən öncə, sovet siyasi rejimi dönəmində mənəvi-əxlaqi dəyərlərə söykənən bəlli problemlərin təhlili və şərhi ideoloji stereotiplərlə yasaqlandığından obyektiv səpkili araşdırmalara imkan verilməmişdir. Əksər hallarda isə nəsillərarası ziddiyyətlərin lüzumsuz olaraq sinfi məcraya yönəldilməsi, köhnəliklə təzəliyin sosial qarşıdurmasına çəkilməsi və bu bağlamda keçmişlə gələcəyin üz-üzə qoyulması aparılan araşdırmalarda yanlış, yaxud birtərəfli sonuclara varılmasına səbəb olmuşdur”.
Monoqrafiyada “atalar və oğullar” problemi milli yaddaş və özgələşmə, xalq və hakimiyyət konflikti məsələləri ilə əlaqəli şəkildə dəyərləndirilib.
İradə SARIYEVA