"Azərbaycan nümunəsi göstərir ki, Amerika öz dostlarına dəyər vermir" - “Jerusalem Post”
Qərb çox vaxt müttəfiqlərini tərk edərək düşmənlərinə kömək edir. Azərbaycana da qarşı belə ikili standartlar tətbiq olunur.
Trend xəbər verir ki, bu barədə İsrailin ərəb dünyası və İran üzrə ən tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar dünyanın nüfuzlu nəşrlərindən olan “Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsində yazıb.
“Qərbin ikili standartları” sərlövhəli məqalədə qeyd olunub ki, bu yaxınlarda Azərbaycan və Ermənistan sülh sazişinin imzalanması istiqamətində böyük addım atıb: tərəflər etimadın gücləndirilməsi və saxlanılan hərbçilərin qarşılıqlı azad edilməsi barədə razılığa gəliblər. Bununla belə, bu mühüm nailiyyətə baxmayaraq, Qərbdə çoxları həm ABŞ-ın, həm də İsrailin etibarlı müttəfiqi olan Bakını ittiham etməkdə davam edir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Ermənistanla sülh əldə etməyə yaxınlaşdığı bir vaxtda 60 ABŞ senatoru Prezident Baydenə İrəvana təhlükəsizlik yardımı göstərməsi üçün təzyiq edib. Üstəlik, bir müddət əvvəl Senat hətta ABŞ-ı Azərbaycana hərbi yardımı dayandırmağa çağıran qətnamə də qəbul edib. İsrailli professor bütün bunların sual doğurduğunu vurğulayıb: “Əgər Vaşinqton Bakı ilə İrəvan arasında sülh yaratmaq istəyirsə, birinə dəstək olmaq istəyəndə digərinə yardımı dayandırmaqdansa, hər iki ölkəyə sülh gətirmək təşəbbüslərinə sərmayə qoymalı deyilmi? Bu cür davranış hər iki ölkə arasında sülh perspektivlərinə zidd deyilmi?”
Amerikalıların Əfqanıstandan təhlükəsiz şəkildə çıxarılmasını təmin etmək üçün məhz Azərbaycan əsgərlərinin türkiyəli həmkarları ilə əməkdaşlıq etdiyinə diqqət çəkən müəllif ABŞ-dakı anti-azərbaycan lobbisinin iki dövlət arasında münasibətləri korlamaq üçün fəal işlədiyini bildirib. Belə bir vəziyyətdə isə Amerika dostlarına dəyər vermir, yalnız düşmənlərini dəstəkləyir. Sözügedən siyasəti dəyişməyin vaxtının gəldiyini qeyd edən israilli şərqşünas Birləşmiş Ştatların müttəfiqlərinin yanında düşmənlərinə qarşı durmalı olmasının labüdlüyünü vuğulayıb.