Əsəd və ailəsinin Suriyadan qaçıb Rusiyaya sığındığı xəbərləri yayıldı...
Müxalifət qüvvələrinin Suriyanın şimalında geniş əraziləri ələ keçirdiyi qəfil hücumdan sonra paytaxt Şama girməyə başlayıblar. Suriyada hakimiyyəti yıxılmaq üzrə olan Bəşər Əsədin taleyi ilə bağlı isə ziddiyyətli xəbərlər yayılır. Qərb mediası Əsəd və ailəsinin Rusiyaya sığındığı barədə xəbərlər yayır.
Cümə günü Əsəd tərəfdarı olan televiziya kanalı onun İrana getdiyini bildirib, lakin sonradan bu xəbəri təkzib edib.
“Wall Street Journal” qəzetində yer alan xəbərə görə, Bəşər Əsədin Britaniya əsilli həyat yoldaşı Esma Əsədin 3 övladı ilə birlikdə keçən həftə Suriyadan qaçaraq Rusiyaya sığındığı bildirilib. ABŞ-da çıxan qəzet bu məlumatı Suriya təhlükəsizlik rəsmiləri və ərəb rəsmilərinə istinadən yayıb. Xəbərdə Bəşər Əsədin iki baldızının da Suriyanı tərk edərək Birləşmiş Ərəb Əmirliklərinə getdiyi bildirilir.
Misir və İordaniya rəsmilərinin Əsədi ölkəni tərk edərək sürgündə hökumət qurmağa çağırdığı da iddia edilir.
Əsədin və ailəsinin Suriyanı tərk etməsi ilə bağlı iddialarn doğru olmadığını deyən İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Yaqub Rezazadə isə bildirib ki, İranın dini lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Laricani dünən Dəməşqdə Bəşər Əsədlə görüşüb.
"Suriyadan bizə gələn xəbərlər narahatlıq doğurur. Rusiya ilə təmasdayıq. Türkiyə və İraq kimi Suriyaya qonşu ölkələrlə də danışıqlar aparırıq" - deyə İran parlamentinin deputatı bildirib.
Rezazadə İranın Suriyadan hərbi müşavirlərini geri çəkməsi ilə bağlı iddiaları da təkzib edib: "Suriyadakı bölgədən hərbi müşavirlərimizi geri çəkməmişik və Dəməşqdəki səfirliyimiz hələ də fəaliyyətdədir".
Bu arada, Kremlə yaxın mənbə "Bloomberg News"a bildirib ki, Moskva Suriya liderini xilas etmək niyyətində deyil. Rusiyanın müxalifətə qarşı müdaxilə planının olmadığını bildirən mənbə bildirib ki, Rusiyanın Əsədi xilas etmək planı yoxdur və Suriya prezidentinin ordusu mövqelərini tərk etməyə davam etdikcə belə bir planın ortaya çıxma ehtimalı da zəifləyir.
Mənbənin sözlərinə görə, prezident Putin rejim əsgərlərinin mövqelərini tərk etməsi ilə bağlı xəbərlərdən “iyrəndiyini” bildirib.
Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunun Suriya proqramının direktoru Çarlz Lister bildirib ki, Əsəd 2015-ci ildə Putinin dəstəyinə arxalanaraq sağ qalıb, lakin indi onun gələcəyi qeyri-müəyyən görünür.
"Görünür, indi Rusiya Əsədi xilas etmək iqtidarında deyil və ya bəlkə də bunu istəmir", - Lister deyib.
TAHİR